Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir
Bakı, 12 oktyabr, AZƏRTAC
Beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi yalnız imzalanan sazişlərin sayı, diplomatik təmasların intensivliyi və ya yüksəksəviyyəli görüşlərin tezliyi ilə ölçülmür. Bununla yanaşı, həmin ölkəyə çoxşaxəli formatlarda həvalə olunan missiya da mühüm göstəricidir. Xüsusilə fərqli mövqelərə malik bir neçə dövlətin maraqlarını uzlaşdıran platformalar getdikcə daha aktual rol oynayır. Bu baxımdan Azərbaycan üçün olduqca əlamətdar dövr başlayır. Yaxın illərdə rəsmi Bakı bir sıra nüfuzlu beynəlxalq təşkilatlara sədrlik və fərqli xarici siyasi prioritetləri olan ölkələrin liderlərini bir araya gətirən irimiqyaslı sammitlərə ev sahibliyi edəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, proseslərin coğrafiyası Cənubi Qafqaz hüdudlarını aşaraq Mərkəzi Asiyanı, postsovet məkanını, İslam dünyasını və Avropanı əhatə edir. Diqqəti çəkən əsas məqam tədbirlərin kəmiyyəti deyil, ümumi tendensiyadır. Belə ki, Azərbaycan qlobal dialoqun təşkilində və ümumi gündəliyin formalaşdırılmasında daha fəal iştirak edir. Bu sırada Müstəqil Dövlətlər Birliyi (MDB) xüsusi yer tutur. Quruma sədrlik 2027-ci ildə Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək. Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan təşkilatın işinin ardıcıllığını təmin edən sədrlik üçlüyünü formalaşdırırlar. Bakı üçün isə bu hadisə müstəsna siyasi əhəmiyyətlidir. Azərbaycan 1993-cü ildən üzv olduğu MDB-yə müstəqillik qazandıqdan sonra ilk dəfə rəhbərlik etməyə hazırlaşır. Çünki MDB-yə sədrlik etmək fürsətinin qarşısını uzun illər alan Ermənistan-Azərbaycan münaqişəsi olub. Eyni təşkilatda təmsil olunan iki dövlət arasındakı qarşıdurma ümumi qərarların, o cümlədən sədrliyin razılaşdırılmasını qaçınılmaz olaraq çətinləşdirirdi. Bu gün isə vəziyyət kökündən dəyişib. Azərbaycan öz suveren əraziləri üzərində tam nəzarəti bərpa etdikdən və Ermənistanla sülh prosesini irəliyə apardıqdan sonra əvvəlki siyasi məhdudiyyətlər tədricən aradan qalxıb. Bu da Bakının çoxtərəfli strukturların işində daha fəal təmsil olunmasına zəmin yaradır.
“Yaxın keçmişdə Azərbaycan region dövlətləri üçün Xəzər dənizi vasitəsilə qərb bazarlarına çıxışı təmin edən mühüm tərəfdaş kimi qiymətləndirilirdi. İndi isə onun rolu xeyli genişlənib. Ötən ildən etibarən ölkəmiz Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu iştirakçısıdır, 2027-ci ildə isə bu formata ilk dəfə sədrlik edəcək. Bu yaxınlaşmanın arxasında inkişaf edən nəqliyyat dəhlizləri, birgə enerji layihələri, investisiya fondları və möhkəmlənən siyasi əlaqələr dayanır. İqtisadi qarşılıqlı asılılıq tədricən dövlətlərarası səviyyədə daha sıx tərəfdaşlıq üçün möhkəm təməl yaradır. Türk Dövlətləri Təşkilatı da prosesdə mühüm rol oynayır. Bununla belə, Mərkəzi Asiya formatı Bakıya yalnız türk məkanı ilə məhdudlaşmayaraq, regionun bütün dövlətləri ilə əlaqələr qurmağa imkan verir. Beləliklə, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında sadəcə tranzit halqası rolundan çıxaraq, bu nəhəng məkanın gələcək inkişafını şərtləndirən qərarların qəbulunda birbaşa iştirak edir.
Azərbaycanın diplomatik aktivliyinin coğrafiyası ümumi Asiya və İslam strukturları səviyyəsində də genişlənir. Belə istiqamətlərdən biri müxtəlif siyasi maraqlara malik dövlətləri birləşdirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsidir. Bu platformada Avrasiyanın böyük bir hissəsini əhatə edən ərazilərdə etimadın möhkəmləndirilməsi, münaqişələrin qarşısının alınması və əməkdaşlığın inkişafı məsələləri müzakirə olunur. Digər mühüm istiqamət İslam Əməkdaşlıq Təşkilatıdır. 2027-ci ildə Azərbaycan İƏT-ə sədrliyi öz üzərinə götürəcək və qurumun Bakıdakı sammitinə ev sahibliyi edəcək. Bu struktur fərqli regionları təmsil edən və özlərinəməxsus prioritetlərə malik olan İslam ölkələrini bir araya gətirir. Avropa istiqaməti də bu mənzərəni tamamlayır. 2028-ci ildə Azərbaycan təkcə Avropa İttifaqı ölkələrini deyil, həm də qitənin digər dövlətlərini birləşdirən Avropa Siyasi Birliyinin sammitini qəbul edəcək”, - deyə deputat bildirib.
Kamran Bayramovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan xarici siyasətində coğrafi məhdudiyyətləri aşaraq, qlobal miqyasda mühüm siyasi mərkəzlərdən birinə çevrilir və beynəlxalq gündəliyin formalaşmasında aparıcı rollardan birini oynayır.