İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək
Bakı, 12 oktyabr, AZƏRTAC
Məktəblərdə vahid geyim qaydalarına əməl olunması şagirdlərdə nizam-intizamın, məsuliyyət hissinin və təhsil mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bu yanaşma yalnız geyim tələblərinin yerinə yetirilməsi deyil, həm də məktəb mühitində bərabərliyin, qarşılıqlı hörmətin və kollektivə aidiyyət hissinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Paytaxtdakı 144 nömrəli məktəbin direktoru İlahə Həmidova AZƏRTAC-a açıqlamasında bildirib ki, təhsilalanlar və təhsilverənlər üçün müəyyən edilmiş geyim qaydalarına əməl olunması sağlam təhsil mühitinin formalaşdırılmasının vacib şərtlərindəndir.
Onun sözlərinə görə, məktəbdə müəyyən edilmiş vahid geyim tələblərinin pozulması təhsil müəssisəsinin ümumi nizamına və vahidlik prinsipinə mənfi təsir göstərə bilər. Bəzən şagirdlərin məktəbə müəyyən edilmiş formaya uyğun olmayan, rəngarəng, bəzəkli, üzərində uyğun olmayan yazılar olan geyimlərdə, cırıq cins şalvarlarda gəlməsi müşahidə edilir. Yaşa uyğun olmayan saç düzümü və dırnaq bəzəkləri də məktəb mühitində diqqət yetirilməli məsələlərdəndir.
Direktor qeyd edib ki, vahid məktəbli geyimi şagirdlər arasında sosial fərqlərin zahiri görünüş vasitəsilə qabardılmasının qarşısını almağa, bərabərlik və birlik hissini gücləndirməyə kömək edir. Geyimə nəzarətin təmin olunduğu məktəblərdə şagirdlərin sosial vəziyyətindən irəli gələn fərqlərin ön plana çıxması azalır, ümumi təhsil mühitində bərabərlik prinsipi daha aydın şəkildə qorunur.
O vurğulayıb ki, şagird məktəbə yalnız bilik əldə etmək üçün deyil, həm də davranış, ünsiyyət və sosial mədəniyyət bacarıqlarını inkişaf etdirmək üçün gəlir. Vahid geyim qaydaları da bu məqsədlərə xidmət edən amillərdən biridir. Məktəbdə əsas diqqət brend geyimlərə, saç düzümünə və dırnaq bəzəklərinə deyil, təhsilə, şəxsi inkişafa və davranış mədəniyyətinə yönəlməlidir. Direktor əlavə edib ki, geyim qaydalarına əməl olunması şagirdlərdə özünənəzarət və məsuliyyət vərdişlərinin inkişafına da töhfə verir. Bu qaydaların məqsədi sadəcə məhdudiyyət yaratmaq deyil, hər bir şagirdin özünü bərabərhüquqlu hiss etdiyi, qarşılıqlı hörmətin qorunduğu və təlim-tərbiyə prosesinin səmərəli təşkil edildiyi mühit formalaşdırmaqdır. İ.Həmidova hesab edir ki, təhsilalanlar və təhsilverənlər üçün müəyyən edilmiş geyim normalarına məsuliyyətlə yanaşılması məktəblərdə nizam-intizamın möhkəmlənməsinə, təhsil mədəniyyətinin inkişafına və sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək.
Müxbir- Tünzalə Arazlı