Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir
Bakı, 12 oktyabr, AZƏRTAC
Vahid məktəbli formalarının tərəfdarıyam. Bu formalar həm şagirdlər arasında bərabərliyi təmin edir, həm də valideynlər üçün seçim imkanlarını asanlaşdırır. Valideynlər övladları üçün məktəbli geyimini rahatlıqla əldə edə bilirlər. Eyni zamanda, vahid forma şagirdlər arasında geyimin qiymətinə və görünüşünə görə fərqlərin yaranmasının qarşısını alır.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova söyləyib.
“Şagirdlər arasında geyimin bahalı və ya ucuz olmasına görə fərqləndirmənin aradan qalxması da bu formaların üstünlüklərindəndir. Mən də öz məktəb illərimdə formamı çox sevirdim, onu hər zaman səliqə ilə geyinməyə çalışırdım. Sinifdə, tədbirlərdə və müxtəlif toplantılarda şagirdlərin eyni formada olması çox gözəl mənzərə yaradır. Müasir dövrün məktəbli formaları da özünəməxsusluğu ilə seçilir. İnsan davranışında olduğu kimi, geyimində də mədəniyyət nümayiş etdirməlidir. Biz hər yerdə Azərbaycanı təmsil edirik və bu təmsilçilik məsuliyyət tələb edir. İstər milli geyimlərimizdə, istərsə də səhnə geyimlərində öz mədəniyyətimizi, milli kimliyimizi yaşatmalıyıq. Əsas məqsədimiz milli-mənəvi dəyərlərimizi qorumaq, gələcək nəsillərə düzgün nümunə göstərmək və ölkəmizi layiqincə təmsil etmək olmalıdır”,- deyə Xalq artisti əlavə edib.
Müxbir – Fidan Əlizadə