Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti
Bakı, 12 oktyabr, AZƏRTAC
Məktəblərdə vahid geyim qaydalarının tətbiqi təlim mühitinin tənzimlənməsi, şagirdlər arasında sosial bərabərliyin təmin olunması və intizamın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vahid məktəbli forması şagirdlərin geyimləri ilə bağlı sosial-iqtisadi fərqlərin ön plana çıxmasının qarşısını alır, onların diqqətinin tədris prosesinə və şəxsi inkişafa yönəlməsinə şərait yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, fənn metodbirləşməsinin rəhbəri Aytən Bağıyeva deyib. O bildirib ki, məktəbli geyiminə dair vahid tələblər yalnız zahiri görünüşün tənzimlənməsi deyil, həm də məktəbdə sağlam təlim-tərbiyə mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir: “Vahid məktəbli forması şagirdlər arasında geyimlə bağlı müqayisələri və sosial fərqlərin qabardılmasını azaltmaqla yanaşı, məktəb mühitində psixoloji gərginliyin və təbəqələşmənin qarşısının alınmasına kömək edir. Səliqəli və məktəbin müəyyən etdiyi tələblərə uyğun geyim şagirdlərin təlim prosesində daha intizamlı iştirakını dəstəkləyir.
Geyim qaydalarının tətbiqi şagirdlərin təhsildən uzaqlaşmasına deyil, əksinə, onların məktəb mühitinə inteqrasiyasına xidmət etməlidir. Buna görə də qaydalara əməl olunmadığı hallarda sərt və cəza yönümlü tədbirlərdən daha çox maarifləndirici üsullara üstünlük verilməlidir. Müəllimlər və məktəb rəhbərliyi şagirdlərlə, eləcə də valideynlərlə ünsiyyətdə etik normaları gözləməli, yaranan problemləri izahlı dialoq və pedaqoji yanaşma əsasında həll etməlidirlər”.
Onun fikrincə, məktəbdə geyim mədəniyyətinin formalaşdırılması müəllimlərin öz görünüşünə və peşəkar davranışına münasibəti ilə də sıx bağlıdır: “Müəllim şagirdlər üçün nümunə olduğundan onun səliqəli və işgüzar geyim tərzi peşəsinə hörmətini, məsuliyyətini və pedaqoji etikasını əks etdirir. Eyni zamanda, bu yanaşma məktəb kollektivində həmrəylik, bərabərlik və ümumi geyim mədəniyyətinin formalaşmasına töhfə verir.
Məktəblərdə geyim qaydalarının tətbiqində məsuliyyət bölgüsünün və nəzarət mexanizmlərinin düzgün qurulması da vacib amillərdəndir. Bu prosesdə Pedaqoji Şura, məktəb rəhbərliyi, sinif rəhbərləri, müəllimlər və valideynlər üzərlərinə düşən vəzifələri əlaqəli şəkildə yerinə yetirməlidirlər. Pedaqoji Şura geyim qaydalarının məktəbdaxili nizam-intizam tələblərinə uyğun müəyyənləşdirilməsində, müzakirəsində və qərarların rəsmiləşdirilməsində mühüm rol oynayır. Sinif rəhbərləri isə şagirdlərlə gündəlik ünsiyyətləri sayəsində qaydalara riayət olunmasını izləməli, hər hansı uyğunsuzluq yarandıqda şagirdlə fərdi söhbət apararaq problemin pedaqoji üsullarla həllinə çalışmalıdırlar”.
O əlavə edib ki, valideynlərin bu prosesdə iştirakı da xüsusi əhəmiyyət daşıyır. Valideynlər uşaqlarının məktəbin müəyyən etdiyi geyim tələblərinə uyğun gəlməsinə diqqət yetirməli, məktəb rəhbərliyi və sinif rəhbərləri ilə əməkdaşlıq etməlidirlər. Tədris ilinin əvvəlində sinif təşkilat saatlarında və valideyn iclaslarında geyim qaydalarının məqsədi, əhəmiyyəti və tətbiqi barədə ətraflı məlumat verilməsi anlaşılmazlıqların qarşısını ala bilər. Məktəblərdə nəzarət mexanizmləri şagirdlərə təzyiq göstərmək vasitəsinə çevrilməməli, əksinə, müsbət məktəb mühitinin formalaşmasına xidmət etməlidir. Qaydalara nümunəvi şəkildə əməl edən siniflərin və şagirdlərin təşviq olunması da bu baxımdan faydalıdır.
Müəllim hesab edir ki, vahid geyim qaydalarının səmərəli tətbiqi yalnız nəzarət və tələbkarlıqla məhdudlaşmamalı, maarifləndirmə, valideynlərlə əməkdaşlıq və pedaqoji dəstəklə müşayiət olunmalıdır. Bu yanaşma məktəbdə intizamın möhkəmlənməsinə, şagirdlərdə məsuliyyət və estetik zövqün formalaşmasına, eləcə də sağlam təlim-tərbiyə mühitinin qorunmasına imkan yaradır.
Müxbir - Nərmin Muradzadə