Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur
Ankara, 12 oktyabr, AZƏRTAC
Türkiyədə kömür, həşəratlarla mübarizə üçün maye formasında vasitələr və üzvi gübrələr əldə etmək məqsədilə çay sənayesinin tullantılarının emalına başlanılıb.
Qara dəniz sahilində yerləşən çay fabriklərində toplanan xammalın emalı üçün piroliz üsulundan istifadə olunur. Bu üsul oksigensiz mühitdə yüksək temperaturun təsiri ilə üzvi birləşmələrin termiki parçalanmasına əsaslanır.
Türkiyənin Rizə vilayətinin bələdiyyə sədrinin müavini Abdulkadir Öksüz AZƏRTAC-a Qara dəniz bölgəsinin təcrübəsi barədə danışıb. O bildirib ki, çay müəssisələrinin tullantılarının emalı layihəsinə 4 milyon dollar vəsait ayrılıb.
“Çaydalı” (“Çay budağı”) markası altında sertifikatlaşdırılmış üç növ məhsulun istehsalı təşkil edilib. Gələn ilin əvvəlində ayda 500–550 ton kömür istehsal etmək gücünə çatmağı planlaşdırırıq. Gübrə və zərərvericilərə qarşı mübarizə vasitələrinin istehsal həcmini də artırırıq”, – deyə A.Öksüz bildirib. O, məhsulların artıq Almaniyaya ixrac edildiyini, sınaq partiyalarının isə Böyük Britaniya və Rumıniyaya göndərildiyini qeyd edib.
Türkiyənin bələdiyyə sədrinin müavini çay tullantılarından üzvi gübrə istehsalını xüsusi əhəmiyyətli adlandırıb. Onun sözlərinə görə, bu, ölkənin həmin növ məhsulların idxalından asılılığını azaldacaq.
A.Öksüzün sözlərinə görə, piroliz üsulundan digər kənd təsərrüfatı məhsullarının tullantılarının, o cümlədən meyvə ağaclarının kəsilmiş budaqlarının emalında da istifadə etmək mümkündür. “Bu təşəbbüs istehsal prosesində yaranan bioloji tullantıların tamamilə aradan qaldırılmasına yönəlib”, – deyə o bildirib. A.Öksüz xatırladıb ki, Türkiyədə çay istehsalının həcmi 1,2 milyon tona çatır və bunun nəticəsində 70–100 min ton tullantı yaranır.
A.Öksüz vurğulayıb ki, Türkiyə tullantıların emalı sahəsindəki təcrübəsini Azərbaycan çay istehsalçıları ilə bölüşməyə hazırdır. Zərurət yaranarsa, birgə təşəbbüslərin həyata keçirilməsi də mümkündür.