Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
Vaşinqton, 10 oktyabr, AZƏRTAC
Azərbaycanlı professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabı ABŞ-də təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr olunan “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatları oktyabrın 11-də Nyu-Yorkda və oktyabrın 16-da Vaşinqton şəhərində keçiriləcək.
Nəşrdə İrəvanda yaşamış on azərbaycanlı ailənin tarixi araşdırılır. Əliyevlər, Topçubaşovlar, Seyidzadələr, Hüseynovlar, Nəcəfovlar, Əhmədovlar, Mirbabayevlər və Mirbağırovlarla yanaşı, İrəvanda tanınmış iki ayrı Qazıyevlər nəslinin tarixinə də müstəqil şəkildə yer verilir. Ailələrin keçmişi şəcərə məlumatları, arxiv sənədləri, fotoşəkillər, məktublar və digər şəxsi materiallar əsasında işıqlandırılır.
Kitabda ailələrin tarixinə və onların tanınmış nümayəndələrinə həsr olunmuş məqalələrlə yanaşı, İrəvanın tarixində və ictimai-mədəni həyatında iz qoymuş şəxsiyyətlər haqqında beş məqalə də yer alır. Beləliklə, nəşr ailə tarixlərini ayrı-ayrı insanların həyat yolu və şəhərin tarixi-mədəni mühiti ilə əlaqəli şəkildə təqdim edir.
Ailə arxivləri və sənədli mənbələr keçmişin yalnız faktoloji mənzərəsini deyil, həm də insanların həyat tərzini, mənəvi dəyərlərini və nəsillərarası əlaqələrini öyrənməyə imkan verir. Bu baxımdan kitab fərdi ailə tarixlərini daha geniş tarixi yaddaş kontekstində araşdıraraq İrəvanın azərbaycanlı əhalisinin irsinin sənədlər əsasında öyrənilməsinə töhfə verir.
Kitabın müəllifi professor Fəridə Səfiyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Qərbi Azərbaycan İcmasının İrəvan Şəhər İcmasının sədri və “Kainat Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək” İctimai Birliyinin təsisçisidir.