Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir
Bakı, 10 oktyabr, AZƏRTAC
Bu gün Ümumdünya Köçəri Quşlar Günüdür.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Köçəri Quşlar Günü insanların köçəri quşlar, onların yaşayış yerləri və miqrasiya marşrutları haqqında biliklərini artırmaq məqsədi daşıyan ekoloji kampaniyadır. Qlobal miqyasda həyata keçirilən bu təşəbbüs insanların köçəri quşların üzləşdiyi təhlükələr, onların ekoloji əhəmiyyəti və qorunması üçün beynəlxalq əməkdaşlığın zəruriliyi barədə məlumatlılığının artırılmasında səmərəli vasitədir.
Əvvəllər bu beynəlxalq gün yalnız may ayında qeyd olunurdu. 2018-ci ildən etibarən isə hər il iki dəfə — may və oktyabr aylarının ikinci şənbə günlərində keçirilir.
Bu günün təsis edilməsinə tarixi zəmin 1906-cı ildə imzalanmış Beynəlxalq Quşların Mühafizəsi Konvensiyası olub.
Ümumdünya Köçəri Quşlar Günü Köçəri Növlər Konvensiyasının və Afrika-Avrasiya Köçəri Su Quşlarının Mühafizəsi Sazişinin himayəsi altında keçirilir. Hər iki beynəlxalq saziş Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) fəaliyyət çərçivəsinə daxildir.
2005-ci ildə məhz Afrika-Avrasiya Köçəri Su Quşlarının Mühafizəsi Sazişinin Katibliyi Afrikada, Avropada və Asiyanın bəzi bölgələrində keçirilən Köçəri Su-Bataqlıq Quşları Günlərinin təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Bu tədbir Afrika-Avrasiya regionunda müsbət qarşılandığından onun miqyasının genişləndirilməsi və bütün dünyada köçəri quşlara həsr olunan beynəlxalq günə çevrilməsi qərara alınıb.
Bu günün məqsədi köçəri quşların yay və qış məskənlərinin yerləşdiyi ərazilərdə ekosistemləri dağıdan qlobal ekoloji dəyişikliklərə diqqət çəkmək, eləcə də onların çoxalması, miqrasiyası və yumurtadan bala çıxarması üçün əlverişli olan təbii şəraitin qorunmasına və bərpasına çağırış etməkdir. BMT-nin Ətraf Mühit Proqramının məlumatına görə, dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
Bu gün münasibətilə təşkil olunan çoxsaylı ictimai tədbirlər, o cümlədən festivallar, maarifləndirici proqramlar, mütəxəssislərin rəhbərliyi ilə quş müşahidələri və ekskursiyalar dünyanın müxtəlif yerlərində köçəri quşların yaşayış mühitinin qorunmasına çağırır.
Quşların miqrasiyası biomüxtəlifliyin, ekosistemlərin sağlamlığının və iqlim dəyişikliklərinin mühüm göstəricisidir. Köçəri quşların fəaliyyəti ümumilikdə ekosistemdə tarazlığın qorunmasına kömək edir. Məsələn, bəzi bitkilər məhz bu quşlar vasitəsilə tozlanır.
Dünyada mövcud olan təxminən 11 min quş növündən 1800-ə yaxını hər il böyük məsafələr qət edir. Miqrasiya boyunca onları çoxsaylı təhlükələr gözləyir. Dənizlərdə, şirin su hövzələrində və quruda yaşayan milyonlarla quş plastik tullantılar səbəbindən tələf olur. Kənd təsərrüfatının aparılma üsullarının dəyişməsi və qlobal istiləşmə ilə əlaqədar yaşayış mühitinin itirilməsi, eləcə də brakonyerliyin artması köçəri quşların populyasiyalarının azalmasına səbəb olur.
Köçəri quşların miqrasiya marşrutları çoxsaylı ölkələrin ərazisindən keçdiyindən onların qorunması qlobal problem hesab olunur. Bu problemin həlli isə yalnız ölkələrin birgə səyləri və beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.
Müxbir - Göyçək Mahmudlu