Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Üzgüçülük Federasiyası bu tədbirlə bağlı çox ciddi çalışıb və özünə yaraşanı edib. Buradakı konqres haqqında danışmağa dəyər. Düşünürəm ki, çox gözəl xatirələr buraxacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Üzgüçülük Federasiyasının prezidenti Erkan Yalçın Bakıda keçirilən Avropa Su İdmanı Federasiyasının (European Aquatics) Konqresi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
“Biz dünyanın bir çox yerində, Avropanın müxtəlif ölkələrində belə konqreslər keçiririk. Lakin buradakı konqres haqqında danışmağa dəyər. Bakı möhtəşəm şəhərdir. Bura XI əsrdən qalma şəhərdir. Hazırda olduğumuz məkan da mədəniyyət və incəsənət baxımından böyük tarixə malikdir. Buraya gələn bütün qonaqların, 48 ölkənin nümayəndələrinin Bakıda xoş vaxt keçirəcəyini və gözəl xatirələrlə ayrılacağını düşünürəm”, - deyə Erkan Yalçın vurğulayıb.
O, ötən həftə Azərbaycanda keçirilən Dünya Kuboku yarışlarına da münasibət bildirib. Qonaq yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və belə tədbirlərin davamlı olmasını arzulayıb: “Ümid edirəm ki, idmançılarımız burada medal qazandıqca bu tədbirlər daha da canlanacaq. Daha gözəl təşkilatçılıq nümunələrinin olacağını düşünürəm”.
Erkan Yalçın Azərbaycan üzgüçülüyünün gələcəyi ilə bağlı nikbin fikirlər səsləndirib. O, üzgüçülüyün səbir və uzunmüddətli əmək tələb edən idman növü olduğunu vurğulayıb.
“Unutmayın ki, üzgüçülük Olimpiya Oyunlarının əsas idman növlərindən biridir. Gimnastika və atletika ilə yanaşı, üzgüçülük də Olimpiadanın aparıcı idman növləri sırasındadır. Burada nəticə əldə etmək üçün təxminən səkkiz il ərzində ciddi əmək sərf etmək lazımdır. Buna görə də səbirli olmaq vacibdir”, – deyə federasiya rəhbəri bildirib.
O, müvafiq layihələr və dəstək sayəsində Azərbaycan üzgüçülüyünün də yaxşı nəticələr əldə edəcəyinə inandığını söyləyib.