MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
Mingəçevir, 9 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində müxtəlif illərdə təhsil almış məzunlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, görüş Təcrübə və karyera şöbəsi ilə İş dünyası və məzunlarla əlaqə şöbəsi tərəfindən təşkil edilib. Əsas məqsəd universitetin məzunları ilə əlaqələrin gücləndirilməsi, onların ali təhsil müəssisəsinin həyatında iştirakının təşviq edilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub. Görüş zamanı məzunlarla universitet arasında qarşılıqlı əlaqələrin davamlı xarakter almasının, məzunların peşəkar təcrübə və biliklərindən MDU-nun inkişafı, eləcə də tələbələrin karyera hazırlığı prosesində yararlanmağın əhəmiyyəti ön plana çıxarılıb.
Təşəbbüs Mingəçevir Dövlət Universitetinin məzunlarla sistemli işin təşkili, məzun şəbəkəsinin inkişafı və universitet–məzun münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətinin tərkib hissəsidir.
Qarşılıqlı dialoq formatında keçən görüş zamanı məzunlar universitetlə bağlı təəssüratlarını bölüşüblər. Onları maraqlandıran suallar cavablandırılıb və təklifləri dinlənilib.
Müxbir – Vüsalə Cənnətova