Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
Xankəndi, 9 oktyabr, AZƏRTAC
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib. Heyətdə Antropologiya bölməsinin professorları Timur Gültekin və Ayla Sevim, rektorun müşaviri Ümmet Artuç təmsil olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq Qarabağda həyata keçirilən bərpa və quruculuq proseslərindən, universitetin regionun inkişafında rolundan bəhs edib. O, Qarabağ Universitetində çalışmağın böyük şərəf və məsuliyyət olduğunu bildirərək ali təhsil müəssisəsinin insan kapitalının formalaşmasına və regionun elmi potensialının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Şahin Bayramov Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin ali təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edib. Rektor Ankara Universiteti ilə elmi tədqiqatlar, müəllim və tələbə mübadiləsi, eləcə də birgə layihələr istiqamətində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar dəvətə görə təşəkkür edərək Qarabağda olmaqdan məmnunluğunu bildirib. Tələbələrin gələcəyin qurulmasında mühüm rol oynadığını qeyd edən rektor Ankara Universitetinin Qarabağda, xüsusilə antropologiya sahəsində elmi araşdırmalar apardığını diqqətə çatdırıb.
Necdet Ünüvar Qarabağda özlərini doğma evlərindəki kimi hiss etdiklərini və Türkiyənin regiona böyük önəm verdiyini vurğulayıb. O, iki universitet arasında əməkdaşlığın genişlənəcəyinə və yeni birgə layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə akademik əlaqələrin inkişafı, elmi tədqiqatlar sahəsində təcrübə mübadiləsi və birgə təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra qonaqlar universitetin əsas tədris binası, Biznes və iqtisadiyyat fakültəsi, Tibb və sağlamlıq elmləri fakültəsi və Qarabağ Universitetinin Klinikası ilə tanış olublar. Nümayəndə heyətinə yaradılmış şərait, tədris prosesi və fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində çalışan Ankara Universitetinin məzunlarına döş nişanı təqdim edib.
Müxbir – Tahir Ağaməmmədov