Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi
Qəbələ, 9 oktyabr, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Mentor Talks” layihəsi çərçivəsində “Peşə təhsilindən sahibkarlığa: gənclər üçün imkanlar və dövlət dəstəyi” mövzusunda panel müzakirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilən tədbirdə “Mentor Talks” layihəsinin əhəmiyyəti, peşə təhsilinin gənclərin sahibkarlıq düşüncəsinin formalaşmasında rolu, dövlət dəstəyi və özünüməşğulluq imkanları, eləcə də gənclərin biznes ideyalarının reallaşdırılması yolları müzakirə olunub.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev mərkəzdə tələbələr üçün yaradılan imkanlardan və onların beynəlxalq yarışlarda iştirakının dəstəklənməsindən bəhs edib. Panel müzakirəsində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələ rayon xidmət şöbəsinin müdiri Ramil İsayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin rəhbəri Teymur Alşanov çıxış edərək peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması, özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyi imkanları, biznes ideyalarının inkişaf etdirilməsi və rəqəmsal alətlərdən istifadə etməklə xidmətlərin tanıdılması istiqamətində fikirlərini bölüşüblər.
Sonda tələbələrin sualları cavablandırılıb, onların gələcək karyera və sahibkarlıq fəaliyyətləri ilə bağlı maraqlandıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müxbir - Rasim İslamoğlu