Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
Bakı, 1 noyabr, AZƏRTAC
Bu gün saat 02:30 radələrində, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 172-ci kilometrində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, Mehdi Mirzəyevin idarə etdiyi “MAN” markalı qoşqulu yük avtomobili yoldan çıxaraq əvvəlcə ayırıcı beton səddə dəyib, sonra qarşı hərəkət zolağına keçərək yol kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin Mahir Məmmədov xəsarət alıb.
YPX Alayının əməkdaşları tərəfindən hadisə yeri nəzarətə götürülüb, digər nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.