Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH
Bakı, 9 oktyabr, AZƏRTAC
Təxminən otuz il davam edən Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və sosial inkişafına ciddi zərbə vurub, regionda yaşayan xalqların təhlükəsizliyinə, rifahına və gələcəyə olan ümidlərinə mənfi təsir göstərib. Həmin vəziyyət, eyni zamanda, regionun hər üç subyektinin əməkdaşlığının, iqtisadi inteqrasiyanın və davamlı inkişafının qarşısında ciddi əngəllər yaradıb. Münaqişənin həlli istiqamətində uzun illər ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara baxmayaraq, məsələlərin davamlı siyasi həlli mümkün olmayıb. Nəticədə həm Azərbaycan, həm də Ermənistan xalqları uzunmüddətli qarşıdurmanın ağır humanitar, sosial və iqtisadi nəticələri ilə üzləşib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın 2020-ci ildə nümunəvi üzv dövlət kimi həm Birləşmiş Millətlər Təşkilatının qərarlarının icrasına, həm də ümumiyyətlə ədalətin bərqərar olmasına hədəflənmiş əməli fəaliyyətini həyata keçirmək üçün Prezident İlham Əliyev tərəfindən qərar qəbul edildi. Beləliklə, 44 günlük İkinci Qarabağ müharibəsi regionun geosiyasi mənzərəsində əsaslı dəyişikliklərə səbəb oldu. Bu hadisələr beynəlxalq hüququn prinsiplərini, dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərini yenidən beynəlxalq gündəliyin diqqət mərkəzinə gətirdi. Müharibənin dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən özündə doqquz bəndi əks etdirən üçtərəfli Bəyanat imzalandı. Bəyanat münaqişənin hərbi mərhələsinin başa çatmasında və regionda yeni siyasi reallıqların formalaşmasında mühüm rol oynadı. Azərbaycan kontekstində bu sənəd ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş nəticələrin təsbit olunması və münaqişənin həlli prosesində yeni mərhələyə keçid demək idi. Bununla yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması üçün siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı etimadın yaradılması və dövlətlərarası münasibətlərin normallaşdırılması zərurəti qalmaqda idi.
“Bu tarixi hadisə dünyamızın bir nömrəli müzakirə olunan məsələlərindən birinə çevrildi və bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi. Daha sonra bu tarixi ədalətin Sülh Sazişinə çevrilməsini müşahidə etdik. Çoxvektorlu xarici diplomatiyanın həyata keçirilməsi ilə dayanıqlı sülhə nail olmaq və Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanması istiqamətində prosesə ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Donald Trampın şahidliyi ilə Sülh Sazişinin paraflanması ilə nöqtə qoyuldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülhə və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi paraflandı, həmçinin Birgə Bəyannamə imzalandı. Oktyabrın 9-da Prezident İlham Əliyev “X” platformasındakı rəsmi hesabında Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Donald Trampı bu sülhün əldə olunmasında oynadığı rola görə Nobel Sülh Mükafatına namizəd göstərdiklərini elan etdi. Ölkə başçısının vurğuladığı kimi, “Biz səmimiyyətlə ümid edirik ki, regionumuzda davamlı sülhün təmin edilməsi istiqamətində Prezident Trampın göstərdiyi tarixi səylər builki Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək”, - deyə deputat vurğulayıb.