Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub
Bakı, 9 oktyabr, AZƏRTAC
Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı - "EYBA Autumn Conference 2026" çərçivəsində "Süni intellektin idarəedilməsi və məlumatların qorunması" adlı üçüncü panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirədə hesabatlılığa, şəffaflığa, risklərin idarəedilməsinə və formalaşmaqda olan hüquqi çərçivələrə xüsusi diqqət yönəldilib. Panel sessiyaya Azərbaycan Vəkillər Kollegiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədli moderatorluq edib.
ADA Universitetinin Hüquq fakültəsinin dosenti Təbriz Cəfərov bildirib ki, əgər bütün maraqlı tərəflər prosesə cəlb olunmasa, xüsusilə süni intellektin tənzimlənməsi məsələsində daha real yanaşma nümayiş etdirilməsə, qısa müddət ərzində çoxsaylı səhvlərə yol verilə bilər: "Digər mühüm məqam ondan ibarətdir ki, süni intellekt məqsəd deyil, vasitə olmalıdır. Süni intellektdən insanların gündəlik həyatını asanlaşdırmaq, onların inkişafına töhfə vermək və cəmiyyətin müxtəlif sahələrində tərəqqini təmin etmək üçün istifadə edilməlidir. Onun tətbiqi innovasiyaların inkişafına və yeni imkanların yaranmasına şərait yarada bilər. Lakin süni intellektin özü məqsədə çevrilməməlidir. Əgər tərtibatçılar süni intellekt alətlərini yalnız bu texnologiyanın cəmiyyətdə nüfuzunu artırmaq məqsədilə inkişaf etdirsələr, bu, təkcə ayrı-ayrı cəmiyyətlər üçün deyil, bütövlükdə bəşəriyyət üçün ciddi çətinliklər yarada bilər".
Beynəlxalq insan hüquqları üzrə ekspert Nəcibə Mustafayeva çıxşında qeyd edib ki, beynəlxalq hüquq süni intellektin inkişafı ilə insan hüquqlarının müdafiəsi arasında fərq qoymamalıdır: "Bununla yanaşı, beynəlxalq hüquq innovasiyalarla insan hüquqları, şəxsi həyatın toxunulmazlığı hüququ və fərdi məlumatların qorunması arasında tarazlıq yaratmağa daim çalışmalıdır. Hazırda insan hüquqlarının beynəlxalq çərçivədə tanınmış prinsiplərini bir daha təsdiq edirik. Məhz buna görə də süni intellekt sistemlərinin daha çox məlumat bazasına ehtiyac duyması fərdi informasiyaların qeyri-məhdud şəkildə emalına, toplanmasına və istifadəsinə öz-özlüyündə əsas verə bilməz. Eyni zamanda, beynəlxalq hüquq süni intellektdən istifadənin, o cümlədən fərdi məlumatlardan yararlanmanın hansı məqsədlər üçün mümkün olduğunu müəyyən etməlidir. Bunlara təhlükəsizlik, elmi tədqiqatlar, səhiyyə, iqlim dəyişikliyi ilə mübarizə və digər mühüm sahələr aid ola bilər. Əsas məsələ böyük və əvvəllər görünməmiş həcmdə məlumatların toplanması ilə fərdi hüquq və dəyərlərin qorunması arasında tarazlığın tapılmasıdır. Bu, çox incə bir sərhəddir və həmin tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, həll yolu geniş məlumat bazalarının istifadəsini qadağan etmək deyil. Əsas məqsəd məlumatların toplanması və istifadəsi zamanı ilk növbədə mövcud standart prinsiplərə əsaslanmaq və insan hüquqlarını rəhbər tutan yanaşma tətbiq etməkdir".