Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı onlayn görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə muxtar respublikanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov və hər iki qurumun nümayəndələri iştirak ediblər.
Görüş zamanı Naxçıvan Sənaye Parkında müvafiq infrastrukturun qurulması istiqamətində görülən işlər, mövcud vəziyyət, həmçinin yerli və xarici investorların rezidentliklə bağlı müraciətləri və həmin müraciətlərə baxılması məsələləri müzakirə olunub. İşlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsində və məlumat mübadiləsinin aparılmasında operativliyin artırılması məqsədilə müvafiq işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Qeyd edək ki, Naxçıvan Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixli Fərmanı ilə yaradılıb və bu il avqustun 11-də dövlət başçısı tərəfindən sənaye parkının təməli qoyulub. Sənaye parkının yaradılmasında əsas məqsəd Naxçıvanda sənaye məhsullarının istehsalının və ixracının genişləndirilməsi, investisiyaların cəlb edilməsi, müasir istehsal sahələrinin və yeni iş yerlərinin yaradılmasıdır.
Müxbir- Nail Əsgərov