Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH
Bakı, 9 oktyabr AZƏRTAC
Son illər Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edərək beynəlxalq nüfuzunu artırıb. Rəsmi Bakı qalib dövlət kimi regionda sülhün və iqtisadi inkişafın müəllifi kimi çıxış edərək nəqliyyat və tranzit sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsini təklif edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, MDB regional qurum olaraq beynəlxalq platformadır və bu quruma Azərbaycanın sıx əməkdaşlıq etdiyi dövlətlər daxildir.
“Azərbaycanın şimal qonşuları və MDB üzvü olan Rusiya və Belarusla iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir ki, bu da tərəflərin milli maraqlarına cavab verir. Rusiya ilə Azərbaycan arasında 2025-ci ildə ticarət dövriyyəsinin həcmi 4,92 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 2,5 faiz artım deməkdir. Rusiya Azərbaycanın yaxın ticarət tərəfdaşıdır. Eyni misalı Belarus barədə də çəkmək olar. Azərbaycanın Belarusla ticarət əlaqələri üzrə 2025-ci ildə ümumi dövriyyə 428,2 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar–may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 201,9 milyon dolları ötüb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artıb. Rusiya və Belarus ilə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılmasında iştirak edirlər. Bu dəhliz hər iki dövlətin Azərbaycan üzərindən tranzit keçməklə Körfəz ölkələri ilə ticarət əlaqələrini artırır. Bu baxımdan ticarət və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq əlaqələrini davam etdirmək və müzakirələrin aparılması üçün MDB yaxşı platformadır. Eyni fikri Mərkəzi Asiya respublikaları haqqında demək olar. Bu ölkələr də MBD üzvləridir. Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə ticarət əlaqələri həm iqtisadi, həm də geostrateji baxımdan əhəmiyyətlidir”, - deyə deputat əlavə edib.
Mərkəzi Asiya respublikaları ilə əməkdaşlığın Azərbaycan iqtisadiyyatı üçün olduqca əhəmiyyətli olduğunu deyən Ziyad Səmədzadə Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya–Azərbaycan–Xəzər–Qara dəniz yaşıl enerji dəhlizi layihələrinin qarşılıqlı əlaqələri daha da mökəmləndirəcəyini, regiona iqtisadi tərəqqi bəxş edəcəyini sözlərinə əlavə edib: “Bütün bunları nəzərə alaraq demək lazımdır ki, Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır. Bu, ticarət dövriyyəsinin artırılmasına xidmət edəcək və rəsmi Bakının regionda həyata keçirdiyi sülh və iqtisadi inkişaf siyasətinin reallaşmasını təmin edəcək”.