XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədovanın “XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycan tarixinə dair tarixşünaslıq icmalı” (İstorioqrafiçeskiy obzor po istorii Azerbaydjana vtoroy polovinı XIX – naçala XX veka”) adlı elmi məqaləsi “Scopus” beynəlxalq elmi bazasında indekslənən, “History” kateqoriyası üzrə Q1 kvartilinə daxil olan jurnalda dərc edilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Məqalədə XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət daşıyan mənbələr nəzərdən keçirilir, dövrün tarixşünaslığına dair ümumi icmal təqdim olunur. Tədqiqatda yeni kapitalist münasibətlərinin formalaşması ilə əlaqədar meydana çıxan arxiv sənədləri, məlumat kitabları, illik icmallar, fabrik və zavod müfəttişlərinin, eləcə də hökumət məmurlarının hesabat və sənədlərinin tarixi əhəmiyyəti diqqətə çatdırılır. Bununla yanaşı, dövrün mətbuatında, müxtəlif jurnallarda, illik məcmuələrdə və qəzetlərdə sənaye, ticarət, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrə dair əksini tapan məlumatların Azərbaycan tarixinin araşdırılması baxımından əhəmiyyəti vurğulanır.