Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH
Bakı, 9 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistana işgüzar səfəri Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olan Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın region ölkələri ilə əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir. Son illərdə Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini yalnız siyasi sahə ilə məhdudlaşdırmayaraq nəqliyyat, logistika, enerji, ticarət, investisiya və humanitar əməkdaşlıq istiqamətlərində də genişləndirilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib.
O bildirib ki, Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən strateji mövqeyi bu əməkdaşlığın inkişafında mühüm rol oynayır. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə regional nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi həm Azərbaycan, həm də tərəfdaş dövlətlər üçün yeni perspektivlər yaradır. Bu baxımdan dövlətlərarası əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və görüş çərçivəsində imzalanan sənədlər münasibətlərin daha sistemli inkişafına xidmət edir.
“Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi ikitərəfli görüş də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişafı, qarşılıqlı səfərlərin intensivləşməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi iki ölkə arasında siyasi etimadın və strateji tərəfdaşlığın möhkəmlənməsinə zəmin yaradır. Ümumilikdə bu səfər Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə çoxşaxəli əlaqələri dərinləşdirmək, regional iqtisadi inteqrasiyanı təşviq etmək, sülh və sabitliyə töhfə vermək istiqamətində ardıcıl siyasətinin göstəricisidir. Azərbaycanın regional proseslərdə fəal iştirakı ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə və regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir”, - deyə K.Əliyeva əlavə edib.