Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər
Qazax, 3 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Qazaxda Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib.
Görüşün əsas məqsədi gəncləri Vətən müharibəsində qazanılmış tarixi Zəfər haqqında məlumatlandırmaq, müharibə iştirakçılarının döyüş xatirələrini dinləmək və gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.
Görüşün məqsədi gəncləri Vətən müharibəsində qazanılan tarixi Zəfər haqqında məlumatlandırmaq, müharibə iştirakçılarının döyüş xatirələrini bölüşmək və gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək olub.
Tədbirdə müxtəlif orden və medallarla təltif edilmiş Vətən müharibəsi iştirakçıları, Qazax Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar muzeyin foyesində şəhidlərimizin və Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar. Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən müharibə iştirakçıları 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, keçdikləri döyüş yolundan, cəbhədə yaşadıqları çətin və qürurverici anlardan, şəhid və qazilərimizin qəhrəmanlığından söz açıblar. Onlar tarixi Zəfərin əldə olunmasında xalq-ordu birliyinin, Azərbaycan əsgər və zabitlərinin şücaətinin mühüm rol oynadığını vurğulayıblar.
Qazilər gənclərə müraciətlərində Vətənə sədaqətlə xidmət etməyin, qalib Azərbaycanın adını daim uca tutmağın, şəhidlərin xatirəsini yaşatmağın və qazilərə qayğı göstərməyin hər bir vətəndaşın borcu olduğunu bildiriblər. Gənclərin vətənpərvərlik ruhunda yetişməsində belə görüşlərin əhəmiyyətini qeyd ediblər.
Diskussiya formatında davam edən görüşdə gənclər müharibə iştirakçılarına suallar ünvanlayıb, qazilər isə döyüş xatirələrini bölüşərək onlara tövsiyələrini veriblər.
Müxbir -Ruslan Novruzoğlu