MDU-nun rektoru Türkiyədə təcrübə keçmiş tələbələrlə görüşüb
Mingəçevir, 3 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Türkiyə Respublikasının müxtəlif hotellərində istehsalat təcrübəsi keçmiş, “Turizm işinin təşkili” ixtisası üzrə sonuncu kursda təhsil alan 32 tələbə ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rektor universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbəyönümlü təhsil mühitinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib. O, tələbələrin xarici ölkələrdə istehsalat təcrübəsinə cəlb olunmasının onların nəzəri biliklərini real iş mühitində tətbiq etmələri, beynəlxalq xidmət standartlarını mənimsəmələri və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaları baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, turizm sektorunun dinamik inkişafı müasir xidmət mədəniyyətinə, innovativ idarəetmə bacarıqlarına, xarici dil biliklərinə və mədəniyyətlərarası kommunikasiya səriştələrinə malik peşəkar kadrlara tələbatı artırır. Bu baxımdan beynəlxalq istehsalat təcrübəsi tələbələrə yalnız peşə vərdişləri qazandırmır, eyni zamanda, onların fərqli işgüzar mühitlərə uyğunlaşmasına, komanda şəklində işləmək və müstəqil qərarvermə bacarıqlarının inkişafına şərait yaradır.
Tələbələr Türkiyənin hotelçilik sektorunda keçdikləri istehsalat təcrübəsi ilə bağlı təəssüratlarını bölüşüb, xidmətin təşkili, müştəri məmnuniyyətinin təmin edilməsi, peşəkar ünsiyyət, iş proseslərinin koordinasiyası və komanda idarəçiliyi sahələrində qazandıqları praktiki biliklərdən danışıblar. Onlar beynəlxalq iş mühitində əldə etdikləri təcrübənin gələcək peşə fəaliyyətlərinə müsbət təsir göstərəcəyinə əminliklərini ifadə ediblər.