Fransada təlim zamanı iki əsgərin ölümünün yol verilmiş nöqsanlarla bağlı olduğu aşkarlanıb
Paris, 3 noyabr, AZƏRTAC
Fransanın Anje şəhərində may ayında dalğıc təlimi zamanı həlak olan iki hərbçinin kifayət qədər hazırlıq keçmədiyi və ümumilikdə təhlükəsizlik prosedurlarının pozulduğu müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “ICI Provence” radiosunun əldə etdiyi ordunun daxili araşdırma hesabatlarında bildirilib.
Bildirilib ki. 24 yaşlı çavuş Bin Çen və 33 yaşlı baş kapral Aksel Delplan Men çayında keçirilən təlim zamanı körpü dayağının içindəki boşluqda sıxılaraq həyatlarını itiriblər. Hadisə ilə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə istintaq başlayıb.
Daxili araşdırma hesabatlarında bir sıra prosedurların icrasında intizam çatışmazlığı, təlimə hazırlıqda və onun keçirilməsində nöqsanlar aşkar edilib.
Hesabatlara görə, təlim iştirakçıları körpü dayağının altındakı boşluq barədə yalnız məşq zamanı məlumat əldə ediblər. Təhlükəsizlik brifinqində bütün dalğıclar iştirak etməyiblər, xilasetmə dalğıcı isə məşqin əvvəlində xüsusi geyimini geyinmədiyi üçün onun prosesə müdaxiləsi gecikib.
Daxili araşdırmalarla bağlı “ICI Provence” radiosunun sorğusuna Aralıq dənizi üzrə Dəniz Prefekturasının cavab vermədiyi diqqətə çatdırılıb.