Beynəlxalq strukturların Avropadakı etirazlara qeyri-prinsipial mövqeyi diqqət çəkir - ŞƏRH
Bakı, 3 noyabr, AZƏRTAC
Son günlər Avropanın bir sıra dövlətlərində müşahidə olunan dərin böhran, kütləvi etirazlar və iğtişaşlar həmin ölkələrdə mövcud olan sosial problemləri bir daha gündəmə gətirib. Baş verən hadisələr göstərir ki, Avropa dövlətləri də sosial narazılıq, iqtisadi çətinliklər, əhalinin rifah səviyyəsinin aşağı düşməsi və digər ciddi problemlərdən sığortalanmayıb. Maraqlıdır ki, başqa dövlətlərdəki sosial problemləri əsas gətirərək həmin ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışan bəzi Qərb dövlətləri bu gün öz daxilində oxşar problemlərlə üz-üzədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.
O bildirib ki, Avropada baş verən iğtişaşların yatırılması zamanı polis zorakılığı, etirazçılara qarşı sərt müdaxilələr və kütləvi həbslər beynəlxalq təşkilatların diqqətindən kənarda qalır. Xüsusilə Avropa Parlamenti və AŞPA-nın bu hadisələrə münasibətdə kəskin və vahid bir mövqe ortaya qoymaması ciddi suallar doğurur. Başqa ölkələrdə baş verən hadisələrə dərhal reaksiya verən, bəyanatlar səsləndirən və müxtəlif qətnamələr qəbul edən bu qurumların Avropada baş verən oxşar hallara münasibətdə bu cür yanaşması açıq-aşkar ikili standartların təzahürüdür.
“Azərbaycana münasibətdə də ikili standartların dəfələrlə şahidi olmuşuq. Azərbaycan xalqına qarşı soyqırımı törətmiş, eləcə də ölkəmizdə qaçaqmalçılıq fəaliyyəti və konstitusion hüquqlarımızın dəyişdirilməsi yolu ilə dövlət çevrilişinə cəhd kimi əməllərdə ittiham olunan Ermənistan vətəndaşlarının bəzi beynəlxalq dairələr tərəfindən "siyasi məhbus" kimi təqdim edilməsi qəbuledilməzdir. Digər tərəfdən Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları zamanı saxlanılan və həbs edilən şəxslərin hüquqlarına münasibətdə eyni həssaslığın göstərilməməsi bu qurumların obyektivliyinə və qərəzsizliyinə kölgə salır. Əgər insan hüquqları universal dəyərdirsə, bu hüquqların müdafiəsi coğrafiyadan və siyasi mənsubiyyətdən asılı olmamalıdır.

Xüsusilə Fransa kimi ölkələrdə baş verən etirazlar və polis müdaxilələri fonunda Avropa Parlamentinin və AŞPA-nın prinsipial mövqe nümayiş etdirməməsi diqqət çəkir. Özünü demokratiyanın, insan hüquqlarının və azadlıqların əsas müdafiəçisi kimi təqdim edən qurumlar Avropa dövlətlərinin hökumətlərinin fəaliyyətinə də eyni meyarlarla yanaşmalıdırlar. Bir ölkədə polis zorakılığı insan hüquqlarının pozulması hesab edilirsə, digər ölkədə də eyni hadisəyə eyni münasibət göstərilməlidir”, - deyə K.Əliyeva vurğulayıb.
Professor deyib: “Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, müasir dünyada ikili standartlar hələ də hökm sürür. Bəzi siyasi dairələr beynəlxalq hüququ və insan hüquqlarını öz maraqlarına uyğun şəkildə şərh edir, bir sıra hallarda isə bu prinsiplər siyasi təzyiq vasitəsinə çevrilir. Avropada baş verən son hadisələr həmin yanaşmanın nə qədər ziddiyyətli olduğunu bir daha ortaya qoyur. Baş verən etirazlar göstərir ki, Avropa cəmiyyətlərində də ciddi sosial narazılıqlar mövcuddur. İnsanların küçələrə çıxaraq sosial vəziyyətin ağırlığına, təhsil və səhiyyə sahələrindəki problemlərə etiraz etməsi bu ölkələrin heç də bütün sahələrdə ideal olmadığını göstərir. Başqa dövlətləri tolerantlıq və multikultural dəyərlərə hörmət etməməkdə ittiham edən Fransada da bu dəyərlərin tətbiqi ilə bağlı ciddi suallar yaranır”.