Dövlət Proqramı təqaüdçülərinin elmi tədqiqatlarının startap layihələrinə çevrilməsi imkanları genişləndirilir
Bakı, 3 noyabr, AZƏRTAC
Dövlət Proqramı İdarəetmə Qrupu və SABAH.city nümayəndələri arasında əməkdaşlıq imkanlarına dair görüş keçirilib.
İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Proqramının təqaüdçü və məzunlarının elmi tədqiqatlarının yerli innovasiya ekosistemində tətbiqi, startap təşəbbüslərinin dəstəklənməsi və tədqiqat nəticələrinin kommersiyalaşdırılması məsələləri diqqət mərkəzində olub. Müzakirələr zamanı əsas diqqət “SABAH Venture Scientist” layihəsinə yönəlib. Layihə çərçivəsində elmi nəticələrin kommersiyalaşdırılması, tədqiqatlara əsaslanan biznes təşəbbüslərinin yaradılması və alimlərin sahibkarlıq fəaliyyətinə cəlb olunması imkanları nəzərdən keçirilib. Həmçinin xaricdə doktorantura təhsili alan və təhsilini başa vurmuş Dövlət Proqramı iştirakçılarının elmi tədqiqatlarının Azərbaycanın konkret ehtiyac və problemlərinin həllinə istiqamətləndirilməsi məsələsi müzakirə olunub.
Görüşdə öz startapını yaradan və ya bu sahədə fəaliyyət göstərən Dövlət Proqramı təqaüdçüləri və məzunlarının müəyyənləşdirilməsi, onların SABAH.city-nin layihələrinə cəlb edilməsi və təşəbbüslərinin inkişafına dəstək göstərilməsi imkanları da nəzərdən keçirilib. Eyni zamanda, Dövlət Proqramı iştirakçıları və məzunları üçün SABAH.city və tərəfdaşları ilə birgə təcrübə proqramlarının təşkili, onların real layihələrdə iştirakının təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, Dövlət Proqramı İdarəetmə Qrupunun beynəlxalq əlaqələrindən istifadə etməklə dünyanın nüfuzlu universitetlərinin professorlarının elmi və innovativ layihələrə, mentorluq fəaliyyətinə və təcrübə mübadiləsinə cəlb olunması imkanları müzakirə edilib.
Tərəflər SABAH.city tərəfindən ikili diplom proqramlarının təşkili və həmin proqramlar üzrə təhsilin Dövlət Proqramı çərçivəsində maliyyələşdirilməsi perspektivlərini də nəzərdən keçiriblər.
Görüşün sonunda müəyyənləşdirilmiş əməkdaşlıq istiqamətləri üzrə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.