Avropanın sosial rifah modeli iqtisadi və siyasi çağırışlarla üz-üzədir – ŞƏRH
Bakı, 3 noyabr, AZƏRTAC
Uzun müddət yüksək sosial təminat, əlçatan səhiyyə, təhsil və əhalinin rifahı ilə fərqlənən Avropa ölkələri hazırda bu modelin maliyyələşdirilməsi və davamlılığının qorunması istiqamətində ciddi çağırışlarla qarşılaşırlar.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.
Onun sözlərinə görə, Avropada müşahidə olunan sosial-iqtisadi prosesləri yalnız müvəqqəti iqtisadi çətinliklər kimi qiymətləndirmək düzgün olmaz.
“Burada uzun illər ərzində formalaşmış iqtisadi və sosial modelin yeni geosiyasi və iqtisadi reallıqlara uyğunlaşması zərurəti də özünü göstərir. Əhalinin gündəlik xərclərinin artması, mənzil və kommunal xidmətlərin bahalaşması, inflyasiya və gəlirlərin alıcılıq qabiliyyətinin zəifləməsi sosial narazılıqları artıran əsas amillərdəndir. Sosial rifah modelinin qorunması üçün dövlətlərin kifayət qədər iqtisadi resurslara və dayanıqlı maliyyə mənbələrinə malik olması vacibdir. İqtisadi artım zəiflədikdə, büdcə xərcləri artdıqda və sosial öhdəliklərin maliyyələşdirilməsi çətinləşdikdə hökumətlər qarşısında mürəkkəb seçimlər yaranır. Bu isə sosial təminat sisteminin gələcək dayanıqlılığı ilə bağlı sualları gündəmə gətirir. Avropa ölkələrində siyasi institutlara və ənənəvi partiyalara inamın azalması da sosial-iqtisadi problemlərlə birbaşa əlaqəlidir. Seçki kampaniyaları zamanı vətəndaşlara verilən vədlərin gündəlik həyatda real dəyişikliklərə çevrilməməsi cəmiyyətdə narazılıq yaradır.
İnsanlar hökumətlərdən yalnız siyasi bəyanatlar deyil, onların həyat şəraitinə müsbət təsir göstərən konkret nəticələr gözləyirlər. Bu gözləntilər qarşılanmadıqda siyasi hakimiyyətlərə etimad zəifləyir, seçicilərin ənənəvi siyasi qüvvələrdən uzaqlaşması və alternativ siyasi platformalara marağının artması müşahidə olunur: “Belə şəraitdə populist yanaşmaların güclənməsi və siyasi qütbləşmənin dərinləşməsi də istisna edilmir”, - deyə Samir Heydərov vurğulayıb.
Ekspert Avropanın üzləşdiyi əsas iqtisadi çağırışlardan biri kimi enerji məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, enerji qiymətlərinin dəyişkənliyi, təchizat marşrutları ilə bağlı risklər və enerji resurslarının maya dəyərinin yüksəlməsi sənaye müəssisələrinin fəaliyyətinə ciddi təsir göstərir: “Xüsusilə enerji tutumlu istehsal sahələrində xərclərin artması Avropa şirkətlərinin beynəlxalq bazarlarda rəqabət imkanlarını məhdudlaşdıra bilər. Enerji xərclərinin yüksək olması müəssisələrin investisiya qərarlarına, istehsalın genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına da təsir edir. Bu vəziyyət sənaye istehsalının digər regionlara yönəlməsi, iqtisadi fəallığın zəifləməsi və məşğulluq imkanlarının azalması kimi riskləri gündəmə gətirir”.
S.Heydərov vurğulayıb ki, Avropanın iqtisadi rəqabət qabiliyyətinin qorunması üçün enerji təhlükəsizliyinin təmin edilməsi, istehsal xərclərinin optimallaşdırılması, texnoloji yeniliklərin tətbiqi və sənayenin dəstəklənməsi istiqamətində ardıcıl siyasət həyata keçirilməlidir.
Ekspertin qənaətinə görə, Avropa sosial rifah modelinin gələcəyi iqtisadi artım, enerji təhlükəsizliyi və səmərəli dövlət idarəçiliyi arasında tarazlığın yaradılmasından asılıdır. Mövcud problemlərin həlli üçün yalnız qısamüddətli tədbirlər deyil, iqtisadi və sosial sistemin uzunmüddətli dayanıqlılığını təmin edən struktur islahatları vacibdir.