BDU tələbələri Çində: ikili diplom proqramının açdığı yeni imkanlar
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin dörd tələbəsi ikili diplom proqramı çərçivəsində Pekin Kimya Texnologiyaları Universitetində (PKTU) təhsillərini davam edirlər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, PKTU ilə kimya ixtisası üzrə ikili diplom proqramına dair müqavilə bu il aprelin 21-də imzalanıb. Sentyabrın 1-də isə Kimya fakültəsinin kimya ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri Nazlı Məmmədova, Orxan Qasımzadə, Züleyxa Abbasova və Aysel Həmidova ikili diplom proqramı çərçivəsində təhsillərini davam etdirmək üçün PKTU-ya yola salınıblar.
Tələbələr proqrama qəbul prosesinin çoxmərhələli seçim əsasında həyata keçirildiyini, nəticədə namizədlər arasından yalnız dörd tələbənin seçilərək proqramda iştirak hüququ qazandığını bildiriblər: “Bu proqram akademik biliklərimizin dərinləşdirilməsi, beynəlxalq təcrübəmizin genişləndirilməsi və iki ölkənin ali təhsil sistemlərinin müqayisəli şəkildə öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Proqramın uğurla həyata keçirilməsində BDU-nun göstərdiyi təşkilati və maliyyə dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Universitetin dəstəyi sayəsində beynəlxalq təhsil imkanından yararlanıb, yeni akademik mühitdə bilik və təcrübəmizi artırmaq şansı əldə etmişik.
Ümumilikdə bu ikili diplom proqramı bizə yalnız iki nüfuzlu universitetin diplomunu qazandırmayacaq. Bu, bizim üçün elmi dünyagörüşümüzün genişlənməsi, laboratoriya və tədqiqat bacarıqlarımızın inkişafı, beynəlxalq akademik əməkdaşlıq təcrübəsi qazanmağımız və gələcək elmi fəaliyyətimiz üçün mühüm zəmin formalaşdıran dəyərli təhsil təcrübəsidir”.
Tələbələr qeyd ediblər ki, PKTU-da müasir elmi-tədqiqat mühiti, laboratoriyaların müasir analitik cihazlar, tədqiqat üçün zəruri texniki imkanlarla təmin edilməsi nəzəri biliklərinin praktiki tətbiqinə geniş şərait yaradır: “PKTU-da tətbiq olunan tədris metodları, praktiki məşğələlərə və elmi-tədqiqat fəaliyyətinə verilən önəm, tələbələrin müstəqil araşdırma aparmaq imkanları akademik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan və Çin təhsil sistemləri arasındakı fərqli yanaşmalarla tanış olmaq bizə təhsilə daha geniş perspektivdən yanaşmaq və beynəlxalq akademik mühitə uyğunlaşmaq imkanı yaradır”.