Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
Bakı, 3 noyabr, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı səfirliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Qlobal idarəetmənin dəyişən mənzərəsi və orta gücə malik dövlətlərin rolu” mövzusunda mühazirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Xəzər Universitetində təşkil olunan tədbirdə Yaponiya Hitotsubaşi Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Maiko İçihara çıxış edib.
Professor qlobal idarəetmə sistemində baş verən dəyişikliklər, beynəlxalq münasibətlərdə orta gücə malik dövlətlərin artan rolu və onların müasir geosiyasi proseslərə təsir imkanları barədə fikirlərini bölüşüb. O, beynəlxalq sistemdə güc balansının dəyişməsi, dövlətlərarası əməkdaşlığın yeni formaları və qlobal çağırışların həllində müxtəlif dövlətlərin üzərinə düşən vəzifələrə toxunub.
Çıxış zamanı orta gücə malik dövlətlərin beynəlxalq arenada yalnız regional məsələlərdə deyil, həm də qlobal proseslərdə fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılıb. Bu dövlətlərin diplomatik təşəbbüslər, çoxtərəfli əməkdaşlıq və beynəlxalq institutlar vasitəsilə qlobal idarəetməyə töhfə vermək imkanları müzakirə olunub.
Mühazirə interaktiv müzakirələrlə davam edib. Tələbələr professorun çıxışında toxunulan məsələlərlə bağlı suallar ünvanlayıb, beynəlxalq münasibətlərin aktual problemləri və orta gücə malik dövlətlərin müasir dünya siyasətində mövqeyi ətrafında fikir mübadiləsi aparıblar.
Fotoqraf - Tofiq Babayev