Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb
Bakı, 3 noyabr, AZƏRTAC
Əmtəə birjalarında qızılın qiyməti oktyabr ayında 6,8 faiz azalıb. Ayın sonunda qızılın qiyməti 4000 dollar həddindən aşağı düşərək son bir ilin minimum səviyyəsinə enib.
AZƏRTAC xəbər verir ki, qızılın qiyməti ötən gün son iki ayın ən kəskin artımını qeydə aldıqdan sonra sabitləşib. Qiymətli metalın bir troya unsiyasının qiyməti hazırda 3900 dollar ətrafında dəyişir.
Artıq 9-cu ayına qədəm qoyan Yaxın Şərqdəki müharibə enerji qiymətlərinin və inflyasiyanın sürətlə artmasına səbəb olub. Bu vəziyyət mərkəzi banklara faiz dərəcələrini yüksəltmək istiqamətində təzyiqi artırıb ki, bu da faiz gəliri gətirməyən qızıl üçün əlverişsiz amildir. Neftin qiyməti isə bazar ertəsi 7 faizdən çox azalıb. Hazırda neft bazarında qiymətlər sabitləşib.
Ötən həftə süni intellekt sektorunda müşahidə olunan geriləmə də qızıl bazarına mənfi təsir göstərib. Belə ki, investorlar digər aktivlər üzrə itkilərini kompensasiya etmək məqsədilə qızıl ehtiyatlarını satmağa başlayıblar. ABŞ-nin çip istehsalçılarının səhmlərində satışların dərinləşməsindən sonra Asiya texnologiya şirkətlərinin səhmlərinin də çərşənbə axşamı əlavə itkilərlə üzləşəcəyi gözlənilir. Bu isə qızılın qiymətinin yenidən aşağı düşməsi riskini artırır.
ABŞ-də seçicilər aralıq seçkilərdə səs verəcəklər. Qızıl bazarı üçün seçkilərin maliyyə siyasətinin gələcək istiqamətinə necə təsir göstərəcəyi xüsusi əhəmiyyət daşıyır.
Gümüşün qiyməti isə bazar ertəsi 3 faizdən çox artdıqdan sonra hazırda 0,8 faiz azalaraq bir unsiya üçün 49 dollara enib.
“Citigroup”un analitikləri qızılın qiymətinin gələn ilin birinci yarısında 5000 dollar olacağını proqnozlaşdırırlar.
“J.P. Morgan” bankının analitikləri isə hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.
Qeyd edək ki, iyulda qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirib.
Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcələri mühitində heç bir gəlir gətirmədiyi üçün cəlbediciliyini itirir.