Seneqalın Misirdəki səfirliyi azərbaycanlı tədqiqatçı-alimi təltif edib
Bakı, 3 noyabr, AZƏRTAC
Seneqal Respublikasının Misirdəki səfirliyi Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirovu seneqallı tələbələrə uzun illər göstərdiyi dəstəyə görə təltif edib.
AZƏRTAC xəbər verir ki, Seneqal səfirliyinin Misirdə təhsil alan seneqallı tələbələr üçün təşkil etdiyi “Məzun günü” tədbirində səfirliyin müşaviri Mamadou Mbengue Seymur Nəsirovun xidmətlərini yüksək qiymətləndirib.
Seymur Nəsirov çıxışında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Alim qeyd edib ki, seneqallı tələbələri dəstəkləməkdən və onların təhsilinə töhfə verməkdən çox məmnundur.
Sonra çıxış edən Misirdəki Seneqallı Tələbələrin Milli Assosiasiyasının sədri Baba Ğor Embob Seymur Nəsirovun uzun illər ərzində bu ölkədən olan gənclərin təhsilinə dəstəyini qeyd edib. O əlavə edib ki, alimin yetişdirdiyi kadrlar hazırda Seneqalda uğurla fəaliyyət göstərirlər. Assosiasiya sədri özünün də bir neçə il əvvəl S. Nəsirovun rəhbərliyi altında təhsil aldığını bildirib.
Qeyd edək ki, S. Nəsirov 2003-cü ildən etibarən Misirdə təhsil alan əcnəbi tələbələrin təhsilinə dəstək verir. Onun rəhbərlik etdiyi proqramlardan hazırda 65 ölkədən iki mindən çox tələbə faydalanır. Alimin uzun illər ərzində yetişdirdiyi gənclər müxtəlif ölkələrdə professor, mütəxəssis və din xadimi kimi fəaliyyət göstərirlər.