Xankəndidə Zəfər Gününə həsr olunmuş minifutbol turnirinin açılışı olub
Xankəndi, 3 noyabr, AZƏRTAC
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, turnir Xidmətin və Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Yarışda Xankəndi şəhərində və Qarabağ bölgəsində fəaliyyət göstərən dövlət orqanları və təşkilatların komandaları iştirak edirlər.
Açılış mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. O, azad Qarabağda, xüsusilə də Xankəndidə idman tədbirlərinin keçirilməsinin böyük qürur doğurduğunu bildirib. Qeyd edib ki, bölgədə tikinti-quruculuq və bərpa işləri ilə yanaşı, idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və idman yarışlarının təşkili istiqamətində də mühüm addımlar atılır.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəis müavini Hikmət Ələkbərli çıxışında idmanın gənclərin fiziki inkişafında, sağlam həyat tərzinin formalaşmasında və kollektiv ruhun möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, belə turnirlərin dövlət qurumları və təşkilatları arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.
Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İdarəsinin rəisi Müşfiq Adıgözəlov da çıxışında Xankəndidə idman yarışlarının təşkilinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, turnirin iştirakçılar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və sağlam rəqabətin inkişafına töhfə verəcəyini bildirib.
Turnirin keçirilməsində məqsəd dövlət qurumları və təşkilatları arasında əməkdaşlığı möhkəmləndirmək, idmanı təşviq etmək, sağlam həyat tərzini və komanda ruhunu inkişaf etdirməkdir.
Turnir çərçivəsində artıq ilk qarşılaşmalar da keçirilib. Xankəndi BTİX və Qarabağ SMSİİ komandaları arasında oyun 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Zəfər Gününə həsr olunmuş minifutbol turniri noyabrın 16-dək davam edəcək.
Müxbir - Tahir Ağaməmmədov