Ağcabədidə heyvanların identifikasiyası və elektron uçotu ilə bağlı maarifləndirmə aparılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Heyvandarlıq sahəsində şəffaflığın və izləniləbilənliyin təmin olunması, iri və xırdabuynuzlu heyvanların identifikasiyası və elektron uçotunun aparılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Ağcabədi Rayon İcra Hakimiyyətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) əməkdaşlarının, icra nümayəndələrinin və bələdiyyə üzvlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıda duran vəzifələr müzakirə olunub. Ölkə üzrə iri və xırdabuynuzlu heyvanların identifikasiyası, qeydiyyatının aparılması, elektron uçotunun təşkili və müvafiq məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi barədə ətraflı məlumat verilib. Həmçinin heyvan sahibləri və onlara məxsus heyvanlar barədə məlumatların sistemə daxil edilməsi üçün yaradılmış modulun və portalın təqdimatı keçirilib.
Tədbirdə bildirilib ki, heyvanların identifikasiyası və elektron uçotu onların mənşəyinin, eləcə də hərəkətinin izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvanmənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır. Bu məqsədlə rayonun kənd və qəsəbələrində heyvandarlıqla məşğul olan şəxslərin siyahısının dəqiqləşdirilməsi, saxlanılan heyvanların sayının düzgün uçota alınması vacibdir.
Sonda iştirakçıların sualları cavablandırılıb, müvafiq izahatlar verilib və bu prosesdə birgə və koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.