Naxçıvanda “Zəfər həftəsi”nə start verilib
Naxçıvan, 2 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Zəfər həftəsi” layihəsi çərçivəsində silsilə tədbirlərə start verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihə çərçivəsində ilk tədbir noyabrın 2-də Babək rayonunda yaşayan şəhid ailələrinin ziyarət edilməsi ilə reallaşıb. Gənclər şəhidlər Şəhriyar Bayramqulu oğlu Məmmədov, Abbasəli İmamqulu oğlu İsmayılov və İbrahim Malik oğlu Vəlizadənin ailələri ilə görüşərək onlara mənəvi dəstək olub, qəhrəmanlarımızın həyatı və döyüş yolu ilə maraqlanıblar. Görüşlərdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Noyabrın 7-dək davam edəcək layihə çərçivəsində Şahbuzda Vətən müharibəsi iştirakçıları ilə görüş, Sədərək rayonunda “Zəfər Gəncliyi Festivalı – Sədərək 2026”, Əlincəqalaya Zəfər yürüşü, Naxçıvanda şəhərində “Zəfərdən doğan qürur” adlı tədbir, eləcə də 5500 metr məsafəyə kross qaçışının keçirilməsi nəzərdə tutulub.
Müxbir- Nail Əsgərov