Finlandiyada Zəfər Günü qeyd olunub
Stokholm, 2 noyabr, АZƏRTAC
Finlandiyanın paytaxtında Helsinki Azərbaycan Evində Zəfər Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Helsinki Azərbaycan Evinin rəhbəri və Azər-Türk Gənclər Təşkilatının Finlandiya üzrə sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Helsinki nümayəndəliyinin rəhbəri Ayşen Volkan İnanıroğlu, Türk Hava Yollarının Finlandiya üzrə baş direktoru Utku Yazan, Finlandiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, eləcə də müxtəlif ölkələrdən, o cümlədən Böyük Britaniyadan gələn qonaqlar iştirak ediblər.
Ülviyyə Cabbarova çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyəti barədə məlumat verib. O, Azərbaycan xalqının milli birliyini, Vətən müharibəsində göstərilən qəhrəmanlığı və qazanılan tarixi Zəfərin xalqımız üçün daşıdığı mənəvi dəyəri vurğulayıb.
Tədbir çərçivəsində Helsinki Azərbaycan Evinin həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri tərəfindən İmamə Alişovanın təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş “Xarıbülbülün qayıdışı” adlı tamaşa səhnələşdirilib, şeirlər söylənilib. Daha sonra “Zəfər rəqsi” filmi nümayiş olunub.
Azərbaycan Dövlət Filarmoniyasının solisti Fikrət Məmmədov və Finlandiyanın Nokia şəhərində yaşayan nağara ifaçısı Əli Məlikov Azərbaycan musiqilərini ifa ediblər.
Sonda iştirakçılar üçün ziyafət süfrəsi açılıb.