® Sağlam Ailə Tibb Mərkəzləri Şəbəkəsi “Çəhrayı Oktyabr” kampaniyasını uğurla yekunlaşdırıb
“Sağlam Ailə” Tibb Mərkəzləri Şəbəkəsi qadın sağlamlığının qorunması, profilaktik müayinələrin əhəmiyyətinin təşviqi və cəmiyyətdə sağlamlıqla bağlı məlumatlılığın artırılması məqsədilə həyata keçirdiyi “Çəhrayı Oktyabr” maarifləndirmə kampaniyasını uğurla yekunlaşdırıb.
Kampaniyanın əsas məqsədi qadınlara gündəlik həyatın intensiv ritmində öz sağlamlıqlarını unutmamağı, ailə, iş və digər məsuliyyətlərlə yanaşı, özlərinə də vaxt ayırmağın vacibliyini xatırlatmaq olub. Təşəbbüs çərçivəsində süd vəzi xərçənginin erkən aşkarlanması, risk faktorları və profilaktik müayinələrin əhəmiyyəti diqqət mərkəzində saxlanılıb.
“Özünə qayğı” şüarı altında təşkil olunan kampaniyanın növbəti tədbiri oktyabrın 29-da Sumqayıt şəhəri 2 saylı ASAN xidmət mərkəzində keçirilib.
Tədbir çərçivəsində ilk olaraq ASAN xidmət mərkəzinin əməkdaşları üçün maarifləndirici seminar təşkil edilib. “Sağlam Ailə” Tibb Mərkəzinin mütəxəssislərinin iştirakı ilə keçirilən seminarda süd vəzi xərçənginin erkən diaqnostikasının əhəmiyyəti, xəstəliyin risk faktorları, ilkin əlamətləri və profilaktik müayinələrin qadın sağlamlığının qorunmasındakı rolu barədə ətraflı təqdimat edilib.
Təqdimat zamanı xüsusilə vurğulanıb ki, süd vəzi xərçənginə qarşı mübarizədə ən mühüm amillərdən biri xəstəliyin vaxtında aşkarlanmasıdır. Qadınların öz bədənlərində baş verən dəyişikliklərə diqqətlə yanaşması, mütəmadi tibbi müayinələrdən keçməsi və hər hansı şübhəli əlamət müşahidə etdikdə vaxtında həkimə müraciət etməsi erkən diaqnostika baxımından xüsusi əhəmiyyət daşıyır.
Seminar zamanı gündəlik həyatın intensivliyi, iş və ailə məsuliyyətlərinin çoxluğu səbəbindən qadınların bəzən öz sağlamlıqlarını ikinci plana keçirməsinə də diqqət çəkilib. Bildirilib ki, özünə qayğı yalnız xəstəlik yarandıqda həkimə müraciət etmək deyil, sağlamlığı qorumaq üçün əvvəlcədən tədbirlər görmək, profilaktik müayinələrə vaxt ayırmaq və sağlam həyat vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirməkdir.
Görüş interaktiv müzakirələrlə davam edib. İştirakçıların süd vəzi sağlamlığı, risk faktorları, müayinə üsulları və erkən diaqnostika ilə bağlı sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Seminardan sonra maarifləndirmə tədbiri ASAN xidmət mərkəzinə müraciət edən Sumqayıt sakinləri üçün açıq formatda davam etdirilib. “Sağlam Ailə” Tibb Mərkəzinin tibbi heyəti ziyarətçilərlə ünsiyyət quraraq süd vəzi sağlamlığının qorunması, xəstəliyin erkən aşkarlanması və mütəmadi tibbi müayinələrin vacibliyi barədə məlumat verib, onların suallarını cavablandırıb.
Maarifləndirmə prosesini daha interaktiv etmək məqsədilə iştirakçılara QR kod vasitəsilə xüsusi tibbi sorğuda iştirak imkanı yaradılıb. Eyni zamanda, InBody cihazı vasitəsilə bədən tərkibinin analizi aparılıb, iştirakçılara əldə olunan göstəricilər əsasında sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və ümumi sağlamlığın qorunması ilə bağlı tövsiyələr təqdim olunub.
Qeyd edək ki, “Sağlam Ailə” Tibb Mərkəzləri Şəbəkəsi üçün pasiyent yönümlü yanaşma yalnız keyfiyyətli tibbi xidmət göstərilməsi ilə məhdudlaşmır. İnsanların sağlamlıqla bağlı düzgün məlumatlandırılması, ehtiyaclarının diqqətdə saxlanılması, profilaktik müayinələrə təşviq edilməsi və sağlam həyat tərzinin təbliği də bu yanaşmanın mühüm tərkib hissəsidir.
Ölkəmizdə TÜRKAK akkreditasiyasına sahib yeganə səhiyyə qurumu olaraq “Sağlam Ailə” Tibb Mərkəzləri Şəbəkəsi tibbi xidmətlərdə keyfiyyət, etibarlılıq və pasiyent məmnuniyyətini əsas prioritetləri kimi müəyyənləşdirərək cəmiyyətin sağlamlıq maarifləndirilməsinə yönəlmiş sosial təşəbbüslərə də xüsusi önəm verir.
“Çəhrayı Oktyabr” kampaniyası bir daha xatırladıb ki, qadın sağlamlığına diqqət ilin yalnız bir ayı ilə məhdudlaşmamalıdır. Öz sağlamlığına vaxt ayırmaq, profilaktik müayinələrdən keçmək və sağlam həyat tərzini seçmək hər bir qadının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməlidir.
“Sağlam Ailə” Tibb Mərkəzləri Şəbəkəsi qadın sağlamlığının qorunması, tibbi maarifləndirmənin genişləndirilməsi və cəmiyyətə fayda verən təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Çünki özünə qayğı sağlam gələcəyin başlanğıcıdır!