Etirazlar Avropada gələcək siyasi sistemlərin və hökumətlərin müqəddəratını müəyyənləşdirə bilər - ŞƏRH
Bakı, 3 noyabr, AZƏRTAC
Fransa və Almaniyada, eləcə də Avropanın bir sıra digər ölkələrində hökumətə qarşı etirazların və aksiyaların keçirilməsi həm məntiqli, həm də proqnozlaşdırılan idi. Uzun müddətdir ki, həm Fransada, həm də Almaniyada hökumətlərin reytinqlərinin kifayət qədər aşağı olduğunun şahidi oluruq. Əslində, onların hakimiyyətə gələrkən topladıqları səslər də bunu deməyə əsas verirdi ki, ciddi addımlar atmasalar, onlara qarşı narazı olan kütlənin sayı daha da artacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib ki, hazırda Almaniya və Fransada davam edən aksiyaların daha da geniş vüsət almasının səbəblərindən biri də gənclərin etirazlara qoşulmasıdır. İstər Almaniyada, istərsə də Fransada hökumətlərin müxtəlif vasitələrdən istifadə edərək aksiyaların yatırılmasına yönəlmiş təşəbbüsləri, bəyanatları və addımları ümumilikdə onu göstərir ki, hazırda həm Fridrix Merts, həm də Emmanuel Makron hökumətləri kütlələrin etirazları və narazılığı qarşısında geri addım atmaq istəmirlər. Baxmayaraq ki, müəyyən bəyanatlar verilib, bəzi şərtlərlə razılaşmaların əldə olunması ilə bağlı çıxışlar səsləndirilib.
“Görünən odur ki, aksiyaların əsas məqsədi hökumətin dəyişməsidir. Hətta hökumətlər müəyyən vədlər versələr, etirazçıların bəzi tələblərini yerinə yetirməyə razılaşsalar belə, bu, həmin ölkələrdə gənclərin və ümumilikdə küçələrə çıxan insanların evlərinə qayıdacağı anlamına gəlməyəcək. Çünki onlar bütövlükdə sistemin dəyişməsini istəyirlər. Hər iki ölkədə diqqət çəkən məqamlardan biri də həm radikal sağ, həm də radikal sol qüvvələrin fəallığı ilə seçilməsidir. Əslində, bu tendensiya təkcə küçələrdə olan insanlara, narazı kütləyə aid deyil. Siyasi sistemdə, parlamentlərdə və regional seçkilərin nəticələrində də radikal meyillərin artdığını müşahidə edirik”, - deyə Z.Məmmədov vurğulayıb.
Politoloq əlavə edib ki, etirazlar və aksiyalar təsadüfi xarakter daşımır. Çünki İtaliyada, Almaniyada və Fransada bir-birinin ardınca bu cür etirazların artması Avropanın digər ölkələrində də oxşar tendensiyanın davam etməsinə yol açır. İnsanlar bir-birlərini müşahidə edərək, baş verən proseslərdən ruhlanaraq hökumətlərə qarşı aksiyaları daha kütləvi və daha sistemli hala gətirirlər. Bu prosesin müxtəlif ölkələrə yayılması isə bütövlükdə Avropada gələcək siyasi sistemlərin və hökumətlərin müqəddəratını müəyyənləşdirə bilər.