Makron hakimiyyətinin qarşısındakı əsas sınaq küçələrə nəzarəti qorumaqdan daha dərindir - RƏY
Bakı, 3 noyabr, AZƏRTAC
Fransada sosial narazılığın kütləvi etirazlara çevrilməsi və aksiyaların həftələrlə davam etməsi Makron hakimiyyəti üçün ciddi siyasi xəbərdarlıqdır. Tələbələrin, işçilərin və həmkarlar ittifaqlarının etirazlarda bir araya gəlməsi narazılığın ayrı-ayrı sahələrin hüdudlarını aşdığını göstərir. Belə şəraitdə sosial tələblər tədricən hakimiyyətin idarəçilik qabiliyyətinə və siyasi məsuliyyətinə yönələn suallara çevrilir. Makron rejimi üçün ən təhlükəli məqam da budur: cəmiyyət mövcud problemlərin həllini hakimiyyətdən gözləmək əvəzinə, hakimiyyətin özünü problemin mənbəyi kimi görməyə başlayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi icmalçı Əbülfəz Babazadə bildirib.
O qeyd edib ki, yaranmış vəziyyət prezidentin siyasi manevr imkanlarını daraldır: “Geniş sosial güzəştlər məhdud büdcə imkanları ilə toqquşur, tələblərin cavabsız qalması etirazları uzadır, sərt polis müdaxiləsi isə qarşıdurmanı dərinləşdirmək riski daşıyır. Üstəlik, nümayişlərə tətbiq olunan məhdudiyyətlər yaşayış səviyyəsi və dövlət xidmətləri ilə bağlı narazılığa hüquq və azadlıqların müdafiəsi tələbini də əlavə edir. Nəticədə, hakimiyyət sosial problemi həll etməyə çalışarkən daha geniş siyasi müqavimətlə üzləşib. İctimai razılığı inzibati təzyiqlə əvəz etmək cəhdi sabitliyin əsaslarını zəiflədir”.
Mövcud vəziyyəti daha geniş siyasi böhranın əlaməti kimi qiymətləndirmək üçün əsasların olduğunu deyən siyasi icmalçı vurğulayıb ki, parlamentdə dayanıqlı dəstəyin çatışmazlığı, büdcə ətrafında uzanan fikir ayrılıqları və küçələrdə davam edən etirazlar bir-birini ağırlaşdırır. Bu proses hökumətin fəaliyyət imkanlarını məhdudlaşdıra, etimadsızlıq təşəbbüslərinə siyasi zəmin yarada və radikal qüvvələrin mövqelərini gücləndirə bilər. Bununla belə, etirazların davam etməsi hakimiyyətin qaçılmaz süqutu anlamına gəlmir, həlledici məsələ narazılığın nə dərəcədə təşkilatlanması və siyasi alternativə çevrilməsidir.
“Makron hakimiyyətinin qarşısındakı əsas sınaq küçələrə nəzarəti qorumaqdan daha dərindir. Burada söhbət cəmiyyətlə itirilən etimadın bərpasından gedir. Vətəndaşın sosial tələbini təhlükəsizlik məsələsinə endirən idarəçilik böhranın səbəblərini aradan qaldırmır, onun növbəti dalğasına zəmin hazırlayır. Polis küçəni boşalda bilər, amma siyasi etimad boşluğunu doldura bilməz”, - deyə Əbülfəz Babazadə bildirib.