8 Noyabr – Zəfər Günü milli iradənin, dövlətçilik qətiyyətinin və tarixi ədalətin təntənəsidir
Bakı, 3 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, dövlətimizin siyasi iradəsinin, Azərbaycan Ordusunun qüdrətinin və tarixi ədalətin bərpasının təcəssümüdür. Bu möhtəşəm Qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və xalqımızın Vətən sevgisi dayanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı Bayram Xudayarov bildirib.
O xatırladıb ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm tarixi hadisələrindən biri oldu. Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın azadlığı hərbi və siyasi baxımdan müharibənin taleyinə həlledici təsir göstərdi. Azərbaycan xüsusi təyinatlılarının mürəkkəb dağlıq relyefdə göstərdiyi qəhrəmanlıq və peşəkarlıq hərb tariximizin şanlı səhifəsinə çevrildi.
Şuşanın yalnız coğrafi məkan deyil, həm də xalqımızın milli-mənəvi yaddaşının, musiqisinin, poeziyasının və incəsənətinin mühüm mərkəzi olduğunu diqqətə çatdıran müsahibimiz qeyd edib ki, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbül kimi görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan bu şəhərin azad edilməsi xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin Şuşanın azad olunması münasibətilə xalqa müraciəti isə Qələbənin sevincini bütün dünyaya çatdıran tarixi an kimi yadda qaldı. O əlavə edib ki, Zəfər Günü yalnız hərbi Qələbənin ildönümü deyil, həm də milli həmrəyliyin, dövlətçilik ənənələrinin, Vətən sevgisinin və gələcək nəsillərə ötürülən qəhrəmanlıq ruhunun təcəssümüdür. Bu tarix Azərbaycan xalqının öz gücünə, dövlətinə və ordusuna inamının ən parlaq ifadəsi kimi yaddaşlarda yaşayacaq.