Naxçıvan qovurması, nəsildən-nəslə ötürülən dad və ənənə - REPORTAJ
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Qışın soyuğuna hazırlıq, ailə süfrələrinin bərəkəti, nənələrdən miras qalan bir dad... Naxçıvanda qovurma yalnız ətin xüsusi üsulla bişirilməsi deyil, həm də əsrlərdən süzülüb gələn məişət mədəniyyətinin, ailə ənənələrinin yaşadılmasıdır. Bir vaxtlar qış tədarükünün ayrılmaz hissəsi olan bu nemət bu gün də özünəməxsus hazırlanma qaydasını qoruyur. İndi isə ənənəvi dad ailə təsərrüfatlarının fəaliyyəti ilə daha geniş ünvanlara çatır.
Sədərək rayonunun Sədərək kənd sakini, ailə təsərrüfatçısı Mehparə Hüseynovanın qovurma ilə bağlı xatirələri uşaqlıq illərinə, ailəsinin qış tədarükü gördüyü günlərə gedib çıxır. O, AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu ənənənin ailəsində necə yaşadıldığını xatırlayaraq deyir:“Gözümü açandan görmüşəm ki, nənəm, babam, atam heyvanı yazdan saxlayardılar. Qışda bir neçəsini satıb, bir-ikisini də qovurmalıq üçün ayırardılar. Qovurma əsasən mal ətindən, quzudan, bəzən də qoyun ətindən hazırlanır. Bunun öz ənənəsi, öz qaydası var”.
Naxçıvanda qovurma ailənin qış boyunca ət ehtiyacını qarşılamaq üçün hazırlanardı. Ətin öz yağında bişirilməsi və həmin yağda saxlanılması məhsulun uzun müddət qorunmasına imkan verirdi. Bu üsul həm zəhmətin, həm də təsərrüfatın bərəkətinin dəyərləndirilməsi idi.
Bu gün Mehparə Hüseynova həmin ənənəni ailə təsərrüfatı çərçivəsində davam etdirir. Qovurma sifariş əsasında hazırlanır, Naxçıvandan Bakının müxtəlif rayonlarına göndərilir. Türkiyədən də sifarişlər alındığını deyən müsahibimiz bildirir ki, məhsula maraq ənənəvi dadın yaşadılmasına stimul verir.

Qovurmanın hazırlanmasında istifadə olunan yağ da sifarişçinin istəyinə uyğun seçilir. Kərə yağı ilə hazırlanan qovurmaya üstünlük verənlər çoxdur. Bununla belə, ənənəvi üsul öz yerini qoruyur:
“Qovurmanı kərə yağı ilə də, quyruq yağı ilə də hazırlayırıq. Hər kəs öz zövqünə uyğun sifariş verir. Amma ənənəvi qovurma evdə heyvanın öz quyruq yağı ilə hazırlanır, öz yağında basdırılır və bir müddət saxlanılır. Bir-iki ay keçdikdən sonra qovurma əsl dadına çatır və yeyilməyə hazır olur. El arasında bu mərhələni “qovurma dəydi” adlandırırlar. Əti qopardıqda içinin şirəli olması onun hazır olduğunun əsas əlamətidir. Məhz bu zaman qovurma özünəməxsus dadını və ləzzətini alır.
Qovurmanın hazırlanmasında əsas məsələ yalnız ətin bişirilməsi deyil, ənənəvi qaydalara əməl olunmasıdır. Ətin seçilməsi, yağın miqdarı və bişirilmə üsulu məhsulun dadına, keyfiyyətinə təsir göstərir. Qovurmanın uzun müddət qalmasının əsas səbəbi isə ət qovurulan zaman Naxçıvan duzundan istifadə edilməsidir. Hər ailənin özünəməxsus hazırlama qaydası olsa da, məqsəd dəyişmir – qovurmanın təbii dadını qorumaq”, - ”, - deyə Mehparə Hüseynova vurğulayıb.
Onun sözlərinə görə, qovurma ilə hazırlanan qış xörəklərinin ətri uzaqdan hiss olunur: “Bu qoxu insan tox olsa belə, iştahasını açır. Əsasən, bu aylardan başlayaraq hazırlanan qovurma Novruz bayramına qədər istifadə olunmaq üçün nəzərdə tutulur. Ondan 10-15 adda dadlı, ənənəvi yemək hazırlanır. Bozbaş, qovurma ilə yumurta, əriştə aşı, qurud aşı, yarma durusu və digər xörəklər qış süfrələrinin vazkeçilməz təamlarıdır”.
Naxçıvan qovurması bu gün də ailə süfrələrində öz yerini saxlayır. Bir vaxtlar qışa hazırlıq üçün görülən iş indi həm də ailə təsərrüfatının gəlir mənbəyinə çevrilib. Lakin dəyişən zamanla yanaşı, dəyişməyən bir məqam var: bu nemətin hazırlanmasında nənələrdən öyrənilən qaydalar, ailədən gələn təcrübə və zəhmət dayanır.
Beləcə, Naxçıvan qovurması bir süfrədən digərinə, bir nəsildən növbəti nəslə ötürülür. Onun hər tikəsində qış tədarükünün xatirəsi, ailə ocağının istiliyi və Naxçıvanın qədim mətbəx ənənələrinin dadı qorunur.
Müxbir- Nail Əsgərov