Gökdeniz Karadeniz: Kurban Berdiyev Azərbaycan futboluna mühüm töhfələr verə bilər – MÜSAHİBƏ
Bakı, 3 noyabr, AZƏRTAC
Türkiyə millisinin sabiq futbolçusu, yığmanın heyətində 2008-ci ildə keçirilən Avropa çempionatında üçüncü olmuş, Rusiyanın “Rubin” klubu ilə uğurlar qazanmış Gökdeniz Karadeniz AZƏRTAC-a müsahibə verib. O, hazırda “Turan Tovuz”da işləyən keçmiş baş məşqçisi Kurban Berdiyev haqqında fikirlərini də bölüşüb.
- Kurban Berdiyev futbolçu karyeranızda mühüm yer tutub. Onunla uzun illər birlikdə çalışmısınız. Berdiyev necə məşqçi və necə insandır?
- Kurban Berdiyevlə uzun müddət birlikdə çalışmağım üçün fürsətim olub. Təxminən altı-yeddi il onun rəhbərliyi ilə fəaliyyət göstərmişəm. O, mənim karyeramda çox mühüm yer tutur. Çox intizamlı, taktiki baxımdan son dərəcə uğurlu və işinə böyük həvəslə bağlı olan məşqçidir. Onunla çalışmaq həm futbol anlayışımın inkişafına, həm də karyerama mühüm töhfə verib. İnsan kimi də onu yaxşı biri hesab edirəm. Birlikdə keçirdiyimiz illərin mənim üçün xüsusi dəyəri var.
- Hazırda Berdiyev Azərbaycanın “Turan Tovuz” komandasını çalışdırır. Onun ölkəmizdə gəlməsini necə qiymətləndirirsiniz? Sizcə, burada uğur qazana bilərmi?
- Kurban Berdiyevin Azərbaycan çempionatına gəlməsinin ölkə futboluna mühüm töhfə verəcəyini düşünürəm. O, özünü sübut etmiş məşqçidir. Həm oyun fəlsəfəsi, həm də taktiki yanaşması ilə Azərbaycan futboluna dəyər qata biləcək mütəxəssisdir. Uğur qazana biləcəyinə gəlincə, ötən mövsüm komandasını Avropaya daşıdı (bürünc medallara sahib olmasını nəzərdə tutur – red.). Avrokuboklarda iştirak edə bilməsələr də, məncə, bu, mühüm nailiyyətdir. Kurban Berdiyevin Azərbaycan çempionatında uğurlu olacağına və ölkə futboluna əhəmiyyətli töhfələr verəcəyinə inanıram. O, Rusiyada mühüm titullar qazanmış və ciddi uğurlara imza atmış məşqçidir. Həmin dövrdə “Rubin” həqiqətən də çox yaxşı heyət formalaşdırmışdı və layiq olduğu nailiyyətləri əldə etmişdi. Məncə, Azərbaycanda da oxşar uğura imza ata bilər. Futbol hər şeyin mümkün olduğu idman növüdür. Ancaq bunun üçün çox güclü heyətə malik olmaq lazımdır. Futbol artıq müəyyən qədər dəyişib. Azərbaycan çempionatında da güclü rəqiblər var. Buna görə də asan olmayacaq. Amma futbolda mümkünsüz heç nə yoxdur. Düzgün heyət quruculuğu və yaxşı iş sayəsində bu uğuru əldə etmək olar.
Kurban Berdiyev intizama böyük önəm verən, taktiki baxımdan son dərəcə güclü məşqçidir. Hər rəqibə qarşı fərqli taktiki plan tətbiq edə biləcək bilik və təcrübəyə malikdir. Onunla uzun illər işləmək imkanım olub. Məncə, ən mühüm xüsusiyyəti taktiki intizamda heç vaxt güzəştə getməməsidir. Komandasına müəyyən oyun fəlsəfəsi aşılayır və futbolçulardan həmin prinsiplərə əməl etmələrini tələb edir. Düşünürəm ki, uğur qazanmasının əsas səbəblərindən biri də məhz budur.
- Son illərdə Azərbaycan klubları avrokuboklarda mühüm uğurlara imza atırlar. Xüsusilə “Qarabağ”ın Avropadakı çıxışlarını necə qiymətləndirirsiniz?
- Bəli, son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar. “Qarabağ” da bu klubların önündə gəlir. Bir türk olaraq bu nailiyyətlər məni, təbii ki, çox sevindirir. Azərbaycan komandalarının Avropadakı uğurlarını qürurla izləyirəm və bu nailiyyətlərin davamlı olmasını arzulayıram. Azərbaycan futbolunun daim inkişaf edən struktura malik olması vacibdir. Bunun üçün hansı investisiyaların həyata keçirildiyini ətraflı bilmirəm. Ancaq son illərdə ölkə futbolunda müşahidə olunan yüksəlişi həqiqətən müsbət inkişaf hesab edirəm. Ümid edirəm ki, bu proses davam edəcək və Azərbaycan futbolu Avropada daha böyük uğurlara imza atacaq.
- “Sabah” bu mövsüm tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Sizcə, bu nailiyyət Azərbaycan futbolunun inkişafı baxımından nə ifadə edir?
- “Sabah” üçün bu, çox mühüm uğurdur. Eyni zamanda, Azərbaycan futbolu adına da dəyərli nailiyyətdir. Əsas məsələ bu uğuru davamlı etməkdir. Çünki nəticələrin sabit və davamlı olması futbolun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Məncə, belə turnirlərdə iştirak etmək və hər il avrokuboklarda təmsil olunmaq Azərbaycan futbolunun inkişafına mühüm töhfə verəcək. İnşallah, bu uğurlar artaraq davam edər.
- Sizcə, Azərbaycan futbolunun Avropada daha böyük uğurlar qazanması üçün hansı sahələrdə inkişaf etməsi vacibdir?
- Azərbaycan futbolu son dövrlərdə mühüm inkişaf yolu keçib. Ancaq Avropada daha böyük uğurlar əldə etmək üçün davamlı futbol sisteminin qurulması lazımdır. Bunun üçün klubların futbola daha çox investisiya yatırması, akademiyalarını gücləndirməsi və çempionatda rəqabət səviyyəsini yüksəltməsi vacibdir. Məncə, Azərbaycan bu inkişafın təməlini artıq qoyub. Növbəti mərhələdə məqsəd səviyyəni daha da yüksəltmək və Avropada daha çox klubla təmsil olunmaq olmalıdır. Hər il Çempionlar Liqası və UEFA Avropa Liqası kimi turnirlərdə iştirak həm klubların, həm də ümumilikdə Azərbaycan futbolunun inkişafına mühüm töhfə verər. Bunun üçün futbol fəlsəfəsi və rəqabət mühiti sistemli şəkildə inkişaf etdirilməlidir.
- Azərbaycan çempionatını izləyirsinizmi? Diqqətinizi çəkən komandalar və ya futbolçular varmı?
- Azərbaycan futbolunu çox yaxından izlədiyimi, bütün oyunlara baxdığımı deyə bilmərəm. Ancaq Çempionlar Liqasında və UEFA Avropa Liqasında çıxış edən komandaların oyunlarını, eləcə də milli komandanın qarşılaşmalarını izləməyə çalışıram. Son dövrlərdə həm klublar, həm də milli komanda səviyyəsində inkişaf müşahidə edirəm. İmkan daxilində Azərbaycan futbolunu izləyir və bu tərəqqini məmnuniyyətlə qarşılayıram.
- 2012-ci ildə Avropa Liqasının qrup mərhələsində Kazan klubunun heyətində “Neftçi”yə qarşı da mübarizə aparmısınız. Həmin dövrdən Azərbaycan futbolu ilə bağlı nə xatırlayırsınız?
- Bəli, “Neftçi” ilə avrokuboklarda qarşılaşmamız olmuşdu. Azərbaycanda oynamaq və qardaş ölkənin komandasına qarşı mübarizə aparmaq mənim üçün olduqca xoş idi. Həmin dövrdə gördüyüm qədəri ilə Azərbaycan futbolunda oyun tempi bir qədər aşağı, sistem baxımından isə daha kövrək idi. Ancaq bu gün Azərbaycan futbolunun daha güclü və inkişaf etmiş oyun anlayışına malik olduğunu düşünürəm. Azərbaycanda oynamaq mənim üçün gözəl təcrübə idi. Orada olmaqdan və həmin atmosferi yaşamaqdan zövq almışdım.
- “Rubin” 2009-cu ildə səfərdə Çempionlar Liqasının qrup mərhələsində “Barselona” üzərində 2:1 hesablı qələbəsi unudulmaz hadisə idi. Həmin tarixi qələbənin sirri nədə idi? Həmin oyunda qollardan birini də siz vurmuşdunuz...
- 2009-cu il “Rubin” tarixinin ən mühüm mövsümlərindən biri idi. Böyük uğurlara imza atdığımız dövr idi. Tariximizin ən əhəmiyyətli qələbələrindən biri də “Nou Kamp”da “Barselona”nı 2:1 hesabı ilə məğlub etməyimiz oldu. İkinci qolu mənim vurmağım da ayrıca qürurverici xatirədir. Həmin qələbənin xüsusi sirri yox idi. Qarşımızda bəlkə də tarixdəki ən güclü “Barselona” komandalarından biri dayanmışdı və oyunun favoriti onlar idi. Ancaq biz komanda olaraq öz gücümüzü və nəyə qadir olduğumuzu bilirdik. Meydanda hər kəs əlindən gələnin artığını etdi. Məncə, bu qələbə inamın, zəhmətin və oyun boyu diqqəti cəmləşdirməyin nəticəsi idi.
- Futbolçu və ya məşqçi kimi karyeranız ərzində Azərbaycandan təklif almısınızmı? Gələcəkdə Azərbaycan klublarından birində işləmək istərdinizmi?
- Futbolçu olduğum dövrdə Azərbaycandan heç bir klubdan təklif almamışam. Məşqçilik karyeramda da indiyədək belə bir təklif olmayıb. Ancaq təklif gələrsə, əlbəttə, dəyərləndirərəm. Azərbaycan futbolu son illərdə inkişaf edən struktura malikdir. Mən də məşqçi kimi bu inkişafa töhfə vermək istərdim. Azərbaycanda çalışmağa müsbət yanaşıram.
Müxbir – Cavid Əliyev