Siyasi elmlər doktoru: Azərbaycançılıq milli həmrəyliyimizin və dövlətimizin gücünün əsasını təşkil edir
Bakı, 3 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxış dünyada və regionumuzda cərəyan edən hadisələr fonunda dəfələrlə təhlil edilməli və ondan nəticələr çıxarılmalıdır. Həmin çıxış təkcə öz ölkəsinin taleyinə cavabdeh olan dövlət başçısının deyil, həm də dünyanın gələcəyi üçün məsuliyyət hiss edən, qarşıda duran qlobal problemlərin həllinə dair aydın yanaşması olan liderin çağırışı idi. Prezidentin nitqində Azərbaycan dövlətinin davamlı və sabit inkişafının, gələcək uğurlarının açarı olan Azərbaycançılıq ideologiyası, sahib olduğumuz multikultural dəyərlər və dünyada birgəyaşayışın düzgün prinsipləri qarşılıqlı əlaqədə təqdim edildi.
Bu fikirlər siyasi elmlər doktoru, Milli Aviasiya Akademiyasının dosenti Elnur Kəlbizadənin AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan və təlatümlü dünya üçün ideal model” sərlövhəli məqaləsində yer alıb.
Azərbaycançılıq – milli həmrəyliyin ideoloji əsası kimi
Prezident İlham Əliyevin nitqində aydın şəkildə qeyd olundu ki, Azərbaycançılıq dövlət sərhədləri daxilində və ya ölkəmizdən kənarda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını vahid milli məqsədlər uğrunda birləşdirə biləcək ümummilli ideyadır. Bu milli ideya Azərbaycan xalqının keçdiyi tarixi proseslər nəticəsində formalaşıb, milli-mədəni düşüncə sistemindən milli ideyaya, ümummilli ideyadan isə dövlətçilik fəlsəfəsinə qədər böyük bir təkamül yolu keçib. Bu mənada azərbaycançılıq bu gün sosial, etnik, siyasi və əqidə fərqlərindən, mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını milli məqsədlərə xidmət yolunda birləşdirir.

Azərbaycançılıq milli məfkurə sistemi kimi Azərbaycan adlı coğrafi məkanda yaşayan insanlar tərəfindən əsrlər boyu formalaşdırılıb və inkişaf tarixində üç əsas mərhələdən keçib. Birinci mərhələdə Azərbaycançılıq milli-mədəni düşüncə sistemi kimi formalaşıb, özünü əsasən xalqımızın mədəni-kulturoloji sisteminin tərkib hissəsi kimi büruzə verib. Milli-mədəni düşüncə sistemi kimi azərbaycançılıq XIX əsrdə yaşayıb-yaratmış milli məfkurəli ziyalıların əsərlərində öz əksini tapıb.
XX əsrin əvvəllərində isə azərbaycançılıq tarixi inkişafının ikinci mərhələsinə – milli ideya mərhələsinə yüksəlib. Həmin dövrdə baş verən ictimai-siyasi proseslər və xalqımızın milli iradəsinin təzahürü kimi meydana çıxan Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq milli ideya kimi formalaşmağa başlayıb. Onun üç əsas istiqaməti üçrəngli bayrağımızda əksini tapıb. Bayrağımızdakı rənglərin, aypara və ulduzun rəmzi mənalarına nəzər salsaq, bir məqamı aydın şəkildə başa düşə bilərik: inkişafımız bu dəyərlərin hamısına eyni dərəcədə sahib çıxmaqdan keçir. Əgər bayrağımızdakı rənglərdən birinin payı digərləri ilə müqayisədə artsa, bu, onun ifadə etdiyi ideal harmoniyanı pozar. Eyni yanaşma daşıdığımız dəyərlərə münasibətdə də keçərlidir.
Sovet İttifaqının süqutundan sonra Azərbaycanın üzləşdiyi ağır ictimai-siyasi vəziyyət və böhranlı iqtisadi durum ölkənin müxtəlif ideologiyalar üçün tədqiqat laboratoriyasına çevrilməsi ilə nəticələnib. Ölkədə yayılan ideya və ideologiyalar isə əksər hallarda regionda nüfuz mübarizəsi aparan dövlətlərin maraqlarına xidmət edib.
Ultra-millətçi, ultra-dinçi və ultra-təriqətçi ideologiyaların xalq kütlələrinə təlqin edilməsi nəticəsində Azərbaycan parçalanmaq və milli müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. 1990-cı ildə Naxçıvanda yenidən siyasi fəaliyyətə başlayan Ulu Öndər Heydər Əliyev Azərbaycanın parçalanması və müstəqilliyini itirməsi təhlükəsinin qarşısının alınması üçün hələ o zaman əməli addımlar atıb. Təsadüfi deyil ki, 1990-cı il noyabrın 17-də Ümummilli Liderin sədrliyi ilə keçirilən XII çağırış Naxçıvan Ali Məclisinin ilk sessiyasında qəbul edilən ən mühüm qərarlardan biri Azərbaycançılığın rəmzi olan üçrəngli dövlət bayrağının bərpası haqqında qərar olub. 1991-ci il dekabrın 16-da isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərar qəbul edilib.
1993-cü ildə Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edən Ümummilli Lider Heydər Əliyev azərbaycançılığın yalnız dövlətçilik konsepsiyası deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atıb.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dövlət müstəqilliyini əldən edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi Zəfər də məhz Azərbaycançılıq ideologiyası əsasında vahid dövlətçilik düşüncəsi ətrafında sıx birləşmiş millətimizin qələbəsi olub. Bu baxımdan Prezidentin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi aşağıdakı fikirlər diqqəti cəlb edir:
“Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.
Birgəyaşayışın Azərbaycan modeli dünyaya nümunə kimi
Dövlət başçısının həmin çıxışında birgəyaşayışın həm Azərbaycan, həm də qlobal miqyasda əsas götürülməli olan başlıca prinsipləri də açıqlanıb. Prezident deyib: “Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik”.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dövləti bu dəyərləri təkcə qorumağa deyil, həm də qlobal birgəyaşayış modeli kimi təbliğ etməyə çalışıb.
Bu mənada Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi rolunun artmasında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri mühüm rol oynayıb. Azərbaycan ərazisi müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən qızıl orta rolunu oynayır. Çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq zənginliyimizi və böyüklüyümüzü nümayiş etdirən dəyərlər kimi dünyada qəbul edilir. Məhz bunun nəticəsidir ki, ictimai şüurda soydaşlarımızı qan qardaşı, yurddaşlarımızı Vətən qardaşı, dövlət və milli təhlükəsizliyimizə təhdid yaratmayanları isə insan qardaşı kimi qəbul edən düşüncə tərzi üstünlük təşkil edir. Bu, birgəyaşayışın Azərbaycan modelidir. Həmin model ölkəmizə təkcə daxili sabitliyin və harmoniyanın təmin olunmasında deyil, həm də xarici siyasətdə təhlükə və təlatümlərdən qorunmaqda kömək edir. Qlobal siyasətdə isə Azərbaycanın ortaq dialoq məkanına çevrilməsinə şərait yaradır.

Bu gün Azərbaycanın həm dünyanın geosiyasi güc mərkəzlərinə, həm də region dövlətlərinə münasibətdə yürütdüyü siyasət məhz qızıl orta prinsipinə əsaslanır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində dünyanın ayrı-ayrı güc mərkəzlərini təmsil edən ABŞ, Çin və digər dövlətlər Azərbaycanın nüfuzunu qəbul edirlər. Bir-biri ilə kəskin ziddiyyətləri olan tərəflər Azərbaycana etibar edirlər.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər fonunda Azərbaycanın dialoq və qarşılıqlı hörmətə əsaslanan dövlətçilik modeli qlobal geosiyasi qarşıdurmalar şəraitində xüsusi əhəmiyyət daşıyır. Daxili siyasətdə qarşılıqlı hörmət çoxmədəniyyətli ölkələrdə harmonik inkişafı və sabitliyi təmin edirsə, beynəlxalq siyasətdə də ayrı-ayrı dövlətlərin suverenliyinə hörmət və sivilizasiyalararası əməkdaşlıq qlobal təhdidlər və təlatümlərlə üz-üzə qalan dünyada normal vəziyyətin bərpasına töhfə verə bilər.
Müxbir – Pərvanə Qafarova