Politoloq: Düşüncə və yanaşmalar mütləq dəyişilməlidir
Bakı, 3 noyabr, AZƏRTAC
Bəyənsək də, bəyənməsək də təkzibolunmaz faktdır ki, virtual aləmdə şəxsi fəallığımızın dərəcəsindən asılı olmayaraq, sosial şəbəkələrin gündəlik həyatımızdakı payı durmadan artır. Kimliyindən və sosial statusdan asılı olmayaraq istənilən şəxs hər bir an virtual aləmdə baş verən “macəralı” hadisələrin qəhrəmanına çevrilə bilər. Vəziyyət o səviyyəyə qədər “inkişaf” edib ki, virtual aləm artıq “oğru dünyasında” olduğu kimi öz qayda-qanunları ilə yaşayır.
Əlbəttə ki, mövcud tendensiyanın inkişafı gələcəkdə hətta təsəvvür belə edə bilmədiyimiz təhdidlərlə üzləşməyimizin ehtimalını artırır. Cəmi bir kiçik texniki tapşırığın sayəsində süni zəka özü “kibertəxribatın” ssenarisini yazır və özü də müəyyən olunmuş ssenariyə əsasən həmin təxribatı mərhələli şəkildə həyata keçirir. Odur ki, rəqəmsal texnologiyaların inkişafına rəğmən şantaj öz mövqelərini müasir siyasətdə yenə də qüvvətləndirir. Təsvir etdiyimiz mənzərə heç də fantastik janrda çəkilmiş filmin ssenarisi deyil, hadisələrin bu cür inkişafı artıq müasir dövrün siyasi gündəliyidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil bildirib.
Onun sözlərinə görə, süni zəkanın anbaan dəyişilən alqoritmləri sayəsində demək olar ki, siyasətdə “fakt” amili şərti və müvəqqəti məfhuma çevrilib. Olduqca düşündürən və gələcəkdə siyasətin matrisasını dəyişdirə biləcək sözügedən amili müasir siyasi münasibətlərdə nəzərə almamaq mümkünsüzdür. Ölkəmizə qarşı uzun illər ərzində aparılan və artıq hətta alışdığımız informasiya müharibəsi xəbərimiz olmadan siyasi münasibətlərin qaydalarını tədricən dəyişdirməyə müvəffəq olub.
“Heç şübhəsiz ki, mövcud istiqamətdə yaşanan bütün tendensiyalar əsla təsadüfi deyil. Əksinə, onlar bilavasitə sosial-siyasi mühəndisliyin məhsuludur. Odur ki, yaxın gələcəkdə daha “ekstravaqant” informasiya təxribatlarına şahidlik edəcəyimizi proqnoz etmək çətin deyil. Bəli, internet texnologiyalarının sayəsində əlahəzrət “fakt” artıq abstrakt bir məfhuma çevrilib. Təsadüfi deyil ki, faktların siyasətə təsiri ildən-ilə azalır, əvəzində isə emosiyaların rolu sürətlə artır.
Mövcud kontekstin inkişafında maraqlı bir sosial-psixoloji qanunauyğunluğu qeyd edə bilərik. Belə ki, faktların siyasətdə təsir qüvvəsi azaldıqca əhalinin ictimai şüurunda qaçılmaz olaraq şübhə hisslərinə ayrılan yer əhəmiyyətli dərəcədə artır. Qarşılıqlı şübhə hisslərinə total şəkildə yoluxmuş cəmiyyətdə isə etiraz mədəniyyətinin yayılması üçün münbit şərait yaranır. Məhz konkret cəmiyyətdə etiraz mədəniyyətinin yayılmasına hesablanmış sözügedən mürəkkəb siyasi texnologiyanın strateji hədəfi cəmiyyətin ideoloji parçalanmasıdır. Odur ki, texnoloji inkişaf sayəsində insan övladı yaşamaq üçün artıq digər planetlərə köçməyə hazırlaşmasına rəğmən, ibtidai emosiyalar, şantaj və əxlaq normaları tanımayan “kirli” manipulyasiyalar nəinki gündəlik siyasətdə hələ də qalıb, onlar hətta öz aktuallığını artıra bilib. Beləliklə, kütlədə etiraz qığılcımı yarada biləcək emosional manipulyasiyalar yenə də siyasətin əsas kürsüsünə qayıdır. Əlbəttə ki, bu məyusedici mənzərə inkişafın təzahürü deyil”, - deyə Asif Adil bildirib.
O deyib ki, qeyd olunan tendensiyalar sayəsində ictimai-siyasi münasibətlərdə klassik hesab olunan “Kimin adamıdır?” sualı da artıq öz ilkin mənasını və aktuallığını tədricən itirir. Çünki virtual reallığın dominantı şəraitində heç kim sığortalı deyil və hər kəs istənilən zaman informasiya təxribatlarının hədəfinə çevrilə bilər. Hətta internetin “xofundan” qorxduğu üçün kompüteri şəbəkəyə qoşmayan şəxs belə rahatlıqla konkret siyasi prosesin iştirakçısına çevrilə bilir. İstisnasız olaraq hər birimizin virtual kabusu internetin sərhəd tanımayan məkanında dolaşır. Mövcud proses artıq geriyədönməz nöqtəni keçib və görünən odur ki, süni zəka Makiavellizmi çox gözəl mənimsəyib.
“Odur ki, müasir siyasi münasibətlərdə köhnə metod və vasitələrə üstünlüyün verilməsi problemin həllinə yox, onun daha da dərinləşməsinə xidmət edə bilir. Özümüzü aldatmamalıyıq, peşəkar fəaliyyətdə düşüncə və yanaşmalar mütləq dəyişilməlidir. Prezident İlham Əliyevin “Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır,” - sözləri də sözügedən dəyişikləri labüd edən açıq çağırışdır”, - deyə politoloq vurğulayıb.