Azərbaycanda sukuk emissiyasının həyata keçirilməsi nəzərdə tutulur
Bakı, 3 noyabr, AZƏRTAC
İslam maliyyələşməsi davamlı inkişaf məqsədlərinin prinsiplərinə uyğundur. Bu maliyyələşmə modelində xüsusilə yaşıl iqtisadiyyatın inkişafı, istehsal və təsərrüfat fəaliyyətində ekoloji cəhətdən təmiz avadanlıqlardan istifadə məsələləri prioritet təşkil edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib.
O bildirib ki, hazırda İslam İnkişaf Bankı və digər İslam maliyyə institutları layihələrə vəsait ayırarkən onların ekoloji tələblərə uyğunluğunu da qiymətləndirirlər.
“Bu zaman layihələrin ətraf mühitə mümkün təsirləri, bərpaolunan enerji mənbələrindən istifadə imkanları və digər ekoloji amillər nəzərə alınır. Son dövrlərdə bu yanaşma sukuk bazarında da geniş yayılmağa başlayıb. Sukuk İslam maliyyəsində istifadə olunan, aktivlərə əsaslanan qiymətli kağız növüdür. Yaşıl sukuklar isə əsasən ekoloji cəhətdən təmiz istehsal müəssisələrinin yaradılması və bu istiqamətdə layihələrin maliyyələşdirilməsi məqsədilə emissiya olunur.
Azərbaycanda sukuk bazarının inkişafı istiqamətində dövlət və Mərkəzi Bank tərəfindən müəyyən işlər görülür. Bu sahədə İslam İnkişaf Bankının Azərbaycan Mərkəzi Bankına texniki dəstəyi də mövcuddur. Müvafiq proqram çərçivəsində ölkəmizdə sukuk emissiyasının həyata keçirilməsi istiqamətində işlərə başlanılması nəzərdə tutulur. İlkin mərhələdə bu maliyyə alətindən iri şirkətlərin inkişafının maliyyələşdirilməsində istifadə edilməsi planlaşdırılır”, - deyə ekspert qeyd edib.
R.Atakişiyevin sözlərinə görə, burada əsas istiqamətlərdən biri də yaşıl sukukların tətbiqidir: “Belə qiymətli kağızlar vasitəsilə maliyyələşdirilən istehsal müəssisələrində istifadə olunacaq avadanlıqların ekoloji standartlara və iqlim dəyişiklikləri ilə bağlı tələblərə uyğunluğu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Mərkəzi Bankı tərəfindən COP29 çərçivəsində taksonomiya sənədi hazırlanıb. Həmin sənəd maliyyə vəsaitlərinin yaşıl iqtisadiyyatın inkişafına yönəldilməsini, xüsusilə ətraf mühitə mənfi təsiri olmayan və ya bu təsiri minimuma endirən sahələrin maliyyələşdirilməsini təşviq edir. Sukuk emissiyasının bu istiqamətdə inkişafı Azərbaycanda yaşıl iqtisadiyyatın maliyyələşdirilməsinə və ekoloji dayanıqlı layihələrin həyata keçirilməsinə əhəmiyyətli töhfə verə bilər”.