Liam Kollinz: Azərbaycanın iqtisadi potensialı və hərbi islahatları Qələbənin əsas amillərindəndir
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin əsas amillərindən biri ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyası və hərbi islahatları olub. İqtisadi potensialın gücləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına, ordunun modernləşdirilməsinə və müasir hərbi imkanların formalaşdırılmasına şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri amerikalı müəllif, ekspert Liam Kollinz Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimat mərasimində deyib.
Müəllif 1994-cü ildə Azərbaycanın iqtisadi vəziyyətinin yaxşı olmadığını xatırladaraq deyib:
"Lakin sonrakı illərdə Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirləri iqtisadiyyatın inkişafına və hərbi potensialın gücləndirilməsinə yönəldib. Bu yanaşma ölkəyə həm iqtisadi imkanlarını genişləndirmək, həm də ordusunu müasir tələblərə uyğun qurmaq imkanı verib.
İqtisadi göstəricilər dövlətin gücünü qiymətləndirmək üçün mühüm meyar olsa da, hərbi uğurun müəyyənləşdirilməsində yeganə amil deyil. Azərbaycanın hərbi islahatları, ordunun hazırlıq səviyyəsi və döyüş effektivliyinin artırılması da 44 günlük müharibənin nəticələrinə əhəmiyyətli təsir göstərib".
Fotoqraf - İlkin Cavanşirov