Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin xatirəsi anılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Vətən müharibəsi şəhidlərindən biri – Rövşən Əli oğlu Nurzadənin ailəsini ziyarət edib.
DSMF-dən AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin daim diqqətdə saxlanılmasından və bu istiqamətdə həyata keçirilən sosial dəstək tədbirlərindən bəhs olunub. Görüşdə Rövşən Nurzadənin uşaqlıq illəri, şərəfli hərb yolu və göstərdiyi şücaət xatırlanıb, onun Vətənə dərin məhəbbət ruhunda böyüyən, ölkəsini canından artıq sevən nümunəvi insan olduğu vurğulanıb.
Rövşən Nurzadə 1975-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub. Mülayim xasiyyəti və vətənpərvərliyi ilə seçilib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulub. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə mərdliklə vuruşub, noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, II Fəxri xiyabanda torpağa tapşırılıb.
Göstərdiyi igidliyə görə Rövşən Nurzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, eləcə də "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.