Soyuq su ilə yuyunan insanların başqaları ilə müqayisədə daha az xəstələndikləri məlum olub
Bakı, 3 noyabr, AZƏRTAC
İnsanlar gündəlik vərdişlərində kiçik dəyişikliklər etməklə həm sağlamlıqlarına, həm də ətraf mühitə müsbət təsir göstərə bilərlər. Yeni araşdırma göstərir ki, soyuq su ilə yuyunmaq xəstəlik səbəbindən işdən və ya gündəlik fəaliyyətdən kənarda qalma müddətini azalda, su və enerji sərfiyyatına qənaət etməyə kömək edə bilər.
AZƏRTAC xəbər verir ki, araşdırmada 18-65 yaş arasında olan 719 nəfər iştirak edib. Onlardan 12 həftə ərzində soyuq su ilə yuyunmaları istənilib.
Tədqiqatın nəticələrinə əsasən, iştirakçılar zaman keçdikcə soyuq su ilə yuyunmağa alışdıqlarını, fiziki və psixoloji baxımdan özlərini daha yaxşı hiss etdiklərini bildiriblər. Ən diqqətçəkən nəticələrdən biri isə onların xəstəlik səbəbindən işdən kənarda qaldıqları günlərin nəzarət qrupu ilə müqayisədə orta hesabla 31 faiz az olmasıdır.
Araşdırma soyuq suyun ekoloji üstünlüklərini də üzə çıxarıb. Suyun qızdırılmasına daha az enerjinin sərf olunması və yuyunma müddətinin qısalması həm kommunal xərcləri, həm də karbon emissiyalarını azaldır. Hesablamalara görə, 45 litr su istifadə edilən duşda temperaturun 40 dərəcədən 15 dərəcəyə endirilməsi 1,3 kilovat-saat enerjiyə qənaət etməyə imkan verir. 12 həftəlik tədqiqat müddətində iştirakçılar adambaşına karbon emissiyalarını təxminən 15 kiloqram azaldıblar. Bu göstərici avtomobillə təxminən 100 kilometr məsafə qət edilməsi zamanı yaranan tullantılara bərabərdir.
Bununla belə, tədqiqatın müəllifləri soyuq su ilə yuyunmağın təsirlərinin hər kəs üçün eyni olacağına dair qəti nəticə əldə etməyiblər. Həmçinin iştirakçıların araşdırma başa çatdıqdan sonra bu vərdişi davam etdirib-etdirmədikləri məlum deyil.
Müxbir - Günel Türksoy