Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 4-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.