“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov
Bakı, 3 noyabr, AZƏRTAC
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbdə...” layihəsi çərçivəsində Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri ilə görüşüb.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə Zaur Hüseynov məktəb illəri, peşə seçimi, hərbi xidməti və döyüş yolu barədə danışıb, həyat təcrübəsini şagirdlərlə bölüşüb. O, qarşıya qoyulan məqsədlərə çatmaqda təhsilin, intizamın və əzmkarlığın əhəmiyyətini vurğulayıb.
Zaur Hüseynov, həmçinin 44 günlük Vətən müharibəsi zamanı yaşadığı hadisələrdən, Şuşanın azadlığı uğrunda döyüşlərdən və 30 illik həsrətdən sonra qədim şəhərə ayaq basmağın onda yaratdığı hisslərdən söz açıb. Vətən Müharibəsi Qəhrəmanı qələbənin döyüşçü üçün mənası, arxa cəbhədə nümayiş etdirilən həmrəylik, xalq və ordu birliyinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, belə görüşlərin tarixi hadisələrin birbaşa şahidlərin dilindən gənc nəslə çatdırılması, milli yaddaşın qorunması və şagirdlərdə Vətənə bağlılıq hissinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Səmimi ünsiyyət şəraitində davam edən görüşdə qonaq məktəblilərin suallarını cavablandırıb, onlara daim öyrənməyi, bilik və bacarıqlarını inkişaf etdirməyi, milli-mənəvi dəyərlərə bağlı olmağı tövsiyə edib.
Sonda lisey şagirdlərinin müəllifliyi ilə Vətən şəhidlərinə həsr olunmuş üçcildlik “Qarabağ sizsiz” kitabı Zaur Hüseynova hədiyyə edilib. Qeyd olunub ki, “Məktəbdə...” layihəsinin məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə maraq aşılamaq, vaxtın düzgün idarə olunmasını, sosial şəbəkələrdən səmərəli istifadəni təşviq etməkdir.