Bahadır Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir
Bakı, 3 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dövlət tibb müəssisələrinin inkişafı və səhiyyə sisteminin imkanlarının genişləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu islahatların mərkəzində dövlət tibb müəssisələrinin maddi-texniki bazalarının inkişaf etdirilməsi, müasir tibbi texnologiyaların tətbiqi və kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadır Rzayev deyib.
O bildirib ki, bu gün Xətai Tibb Mərkəzində açılan Göz xəstəlikləri və cərrahiyyə şöbəsində müasir tibbi texnologiyalar tələb edən mürəkkəb oftalmoloji cərrahi xidmətlər həyata keçiriləcək: “Bu əhalimiz üçün əlçatanlığın təmin olunması və keyfiyyətli, müasir tibbi xidmət spektrinin artırılması istiqamətində atılmış vacib addımdır. Qeyd etməliyəm ki, istənilən səhiyyə xidmətinin ən vacib detallarından biri maddi-texniki baza infrastrukturu ilə yanaşı, kadr təminatının gücləndirilməsidir və bu istiqamət bizim əsas prioritetlərimizdəndir. Yerli və beynəlxalq təcrübəsi olan, müasir tibbi avadanlıqları, texnologiyaları bilən, onlarla işləməyi bacaran kadr təminatının həyata keçirilməsi və onların bizim müəssisələrimizə cəlb olunması əsas hədəflərimizdəndir" .
Bahadır Rzayev vurğulayıb ki, Xətai Tibb Mərkəzində yeni açılan Göz xəstəlikləri və cərrahiyyə şöbəsinə tanınmış oftalmoloq-cərrah Cavid Şahbazov rəhbərlik edəcək: "Onun bu sahədə çox geniş təcrübəsinin olması bizi sevindirir. Daha böyük layihələrimiz də olacaq. Əsas hədəfimiz vətəndaşlara əlçatanlıq, keyfiyyətli, effektiv, təhlükəsiz və vaxtında tibbi xidmətlərin göstərilməsidir".