Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı
Bakı, 3 noyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsi başlayanda hərbi xidmətdə olan Bəbir Qasımov döyüşlərdə iştirak edib. O, Tərtər istiqamətində xidmət etdiyi müddətdə düşmənin hücumlarının, döyüşlərin və həmin günlərdə yaşanan ağır hadisələrin şahidi olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin IV kurs tələbəsi, qazi Bəbir Qasımov AZƏRTAC-a müsahibəsində keçdiyi döyüş yolundan, 44 günlük Vətən müharibəsi zamanı yaşadığı hadisələrdən, Laçında hərbi xidmətini davam etdirdiyi dövrdən, eləcə də müharibənin insan psixologiyasına təsirlərindən danışıb.
Bəbir Tərtər rayonunda xidmət edib. Rayonun ərazisinin, həmçinin Tapqaraqoyunlu kəndinin və Naftalanın dağıdıcı zərbələrə məruz qalmasının şahidi olub: “Müharibənin ilk anlarından etibarən bütün əsgər və hərbi qulluqçuların düşündüyü yeganə məsələ Zəfər qazanmaq və qisas almaq idi. Sərhədyanı və döyüş gedən ərazilərdə yaşayan insanların yüksək əhvali-ruhiyyəsi, həmrəyliyi və mərdliyi diqqət çəkirdi. İtkilərə baxmayaraq, düşmənin raket və artilleriya zərbələri endirməsinə rəğmən oradakı insanların ruh yüksəkliyi və vətənpərvərliyi bizdə xoş təəssürat yaradırdı”.
Bəbir müharibə zamanı yaşadığı ağır anları da xatırlayıb: “Müharibə başlayanda hər kəs sevinc hissi keçirirdi ki, nəhayət qisas anı çatıb. Təbii ki, bizim hərbi hissəmiz də şəhidlər verdi. Onların hər biri ölkəmizin qüruru və fəxridir. Şəhid xəbərlərini almaq çətin olsa da, hər kəs qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirməli idi. Eyni zamanda, bu itkilər müharibədə iştirak edən insanlarda qisas almaq istəyini daha da artırırdı. Mən insanın necə kontuziya aldığının və yaralandığı anın şahidi oldum. Bunu Tərtərdə gedən döyüşlər zamanı gördüm”.
O, müharibə bitdikdən sonra hərbi xidmətini Laçın rayonunda davam etdirib. Onların hərbi hissəsi dekabrın 1-də Laçın rayonunun ərazisinə daxil olub. Dekabrın 8-də isə o, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinə yaxın məsafədə yerləşən bölüyün postunda xidmətini davam etdirib. Həmin post Laçın şəhərinin girişində yerləşib. Orada əsgərlər bir-birini əvəz edirdi. Belə ki, 20 gün ərzində altı nəfər xidmət edir, sonra onları digər əsgərlər əvəzləyirdi. Postda olduğu müddətdə çadırlarda qalıb. Hərbi hissələri Qarıkışlaq kəndində, məktəb binasında yerləşirdi. Bina çox bərbad vəziyyətdə olub. Düşmən ərazini tərk etməzdən əvvəl binadakı qapı və pəncərələri, elektrik kabellərini, hətta döşəməni də söküb aparıb. Əsgərlər yenidənqurma işlərinə cəlb olunublar.
Bəbir Laçında qəbiristanlıqların dağıdıldığını, məscid binasının da yerlə-yeksan edildiyini bildirib. Evlərin damında əsgərlərdən birinin uşağa məxsus gündəlik və dəftər tapdığını deyən Bəbir həmin yazıların 1980-ci illərin əvvəllərinə aid olduğunu, Azərbaycan dilində kiril əlifbası ilə yazıldığını qeyd edib. Dəftər və gündəliyin 7-ci sinif şagirdinə məxsus olduğunu deyən qazi onların həmin kənddə azərbaycanlıların yaşadığını təsdiqlədiyini vurğulayıb.
Müharibənin insan psixikasına, şəxsiyyətinə, yaddaşına və sosial münasibətlərinə uzunmüddətli təsir göstərən mürəkkəb psixososial hadisə olduğunu deyən Bəbir travmatik təcrübələrin posttravmatik stres pozuntusu, təşviş, depressiv əlamətlər və sosial adaptasiya çətinlikləri yarada biləcəyini bildirib. Buna görə də müharibə iştirakçılarına və mülki əhaliyə peşəkar psixoloji yardımın, sosial reabilitasiyanın və davamlı dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.
O, sərhədyanı ərazilərdə və döyüş bölgələrində yaşayan insanların çətin şəraitdə belə birlik və həmrəylik nümayiş etdirdiklərini vurğulayıb. Sakinlərin bir-birinə maddi və mənəvi dəstək göstərdiyini, çətinliklərin öhdəsindən birlikdə gəlməyə çalışdıqlarını qeyd edib: “Qarşılıqlı yardım, empatiya və sosial bağlılıq insanların psixoloji dayanıqlığının möhkəmlənməsində mühüm rol oynayır”.
Bəbir həm müharibə zamanı, həm də sonrakı dövrdə onlara dəstək olan, qayğı göstərən və rəhbərlik edən hərbçilərin olduğunu bildirib: “44 günlük müharibə xalqı dəmir yumruq kimi birləşdirdi. Düşmənin bütün hiylə və təxribatlarına, arxasında dayanan havadarlarına baxmayaraq, tarixi ədalət öz yerini tapdı”.
Müxbir - Xatirə Cəfərova