“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb
Bakı, 3 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun bu ilin üçüncü rübündə düzəliş edilmiş xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,6 milyard dollar artaraq 31,2 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, şirkətin açıqladığı maliyyə nəticələrinə əsasən, iyul-sentyabr aylarında düzəliş edilmiş xalis mənfəət illik müqayisədə 9,1 faiz artıb. Ötən ilin eyni dövründə bu göstərici 28,6 milyard dollar təşkil edib.
Hesabat dövründə şirkətin əməliyyat fəaliyyətindən əldə etdiyi vəsaitlərin həcmi 36,1 milyard dollardan 38,7 milyard dollara, sərbəst maliyyə vəsaitlərinin həcmi isə 23,6 milyard dollardan 28,2 milyard dollara yüksəlib. “Saudi Aramco”nun emal və neft-kimya fəaliyyətlərini əhatə edən alt bölməsində faiz və vergilərdən əvvəlki düzəliş edilmiş mənfəət emal marjalarının yüksəlməsi nəticəsində illik müqayisədə 234 faiz artıb.
Şirkətin Direktorlar Şurası üçüncü rüb üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox olmaqla, 21,9 milyard dollar həcmində dividend ödənilməsi barədə qərar qəbul edib. Ödənişin bu ilin dördüncü rübündə həyata keçirilməsi nəzərdə tutulur.
Şirkətin məlumatında qeyd olunub ki, “Zuluf” yatağında xam neft hasilatı gücünün artırılması layihəsi çərçivəsində hasilata başlanılıb. “Jafurah” qaz yatağının ikinci mərhələsi, “Fadhili” qaz emalı zavodunun genişləndirilməsi və “Dammam” yatağının işlənməsi layihələri də daxil olmaqla, digər mühüm investisiya layihələri planlaşdırıldığı kimi davam edir.
Bildirilib ki, “Şərq-Qərb” boru kəməri ixrac əməliyyatlarında çevikliyi təmin etməkdə davam edir. Qlobal təchizat şəbəkəsini gücləndirmək məqsədilə xarici ölkələrdə əlavə saxlama güclərinin yaradılması və alternativ ixrac marşrutlarının müəyyənləşdirilməsi imkanları da nəzərdən keçirilir.
“Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasser şirkətin maliyyə nəticələrinə dair açıqlamasında bildirib ki, geosiyasi qeyri-müəyyənliklər və enerji infrastrukturunun mühüm obyektlərinə hücumlar ilin üçüncü rübündə qlobal enerji təchizatındakı böhranı daha da dərinləşdirib: “Qarşıya çıxan çətinliklərə baxmayaraq, əməkdaşların qətiyyəti, əməliyyat fəaliyyətinin yüksək səmərəliliyi, sistemin çevikliyi və onilliklər ərzində formalaşdırılmış güclü təchizat şəbəkəsi sayəsində şirkət bu mürəkkəb dövrdə müştərilərini etibarlı enerji təchizatı ilə təmin etməyə davam edib.
Amin Nasser vurğulayıb ki, qlobal təchizat şəbəkəsinin daha da gücləndirilməsi məqsədilə xarici ölkələrdə əlavə saxlama güclərinin yaradılması və alternativ ixrac marşrutlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Baş icraçı direktorun sözlərinə görə, qeyri-müəyyənliyin artdığı bir dövrdə nümayiş etdirilən güclü əməliyyat və maliyyə göstəriciləri şirkətin dayanıqlılığını təsdiqləyir.
O əlavə edib ki, şirkət güclü maliyyə vəziyyətinin imkanlarından istifadə etməklə prioritet layihələrin həyata keçirilməsinə, fəaliyyətin səmərəliliyinin artırılmasına və yeni imkanların yaradılması üçün qabaqcıl texnologiyaların tətbiqinə diqqət yetirir: “Bu yanaşma dünyanın dəyişən enerji tələbatının ödənilməsinə, eləcə də səhmdarlar və müştərilər üçün əlavə dəyərin yaradılmasına xidmət edəcək”.