Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq
Bakı, 3 noyabr, AZƏRTAC
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Proqramın yeni mərhələsi çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.
TİF-dən AZƏRTAC-a bildirilib ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar. İmzalanma mərasimində çıxış edən Nicat Məmmədli əməkdaşlığın davam etdirilməsinin sosial həssas qrupa aid olan gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, tələbələrə göstərilən maliyyə dəstəyi onların təhsillərini davam etdirmələrinə, bilik və bacarıqlarını inkişaf etdirmələrinə, gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaradır.
Yusif Poladov isə təhsil sahəsinə göstərilən ictimai dəstəyin və sosial həmrəyliyin əhəmiyyətini qeyd edib. Bildirib ki, Birbank tətbiqi vasitəsilə həyata keçirilən “Onu oxut” aksiyası çərçivəsində vətəndaşların könüllü ianələri hesabına reallaşan bu təşəbbüs sosial həssas qrupa aid olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsinə töhfə verir.
Proqram sosial həssas qrupa aid olan, Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin birinci kursunda təhsil alan və qəbul imtahanlarında minimum 600 bal toplayan tələbələri əhatə edir. Seçiləcək hər bir tələbəyə 10 ay müddətində aylıq 200 manat təqaüd veriləcək.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində indiyədək 43 tələbəyə təqaüd ayrılıb. Proqramın davam etdirilməsi sosial həssas qrupa aid olan gənclərin ali təhsil almasına və akademik inkişafına dəstəyin genişləndirilməsinə xidmət edir.